“Ruhaninin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişib”

Xəbər verdiyimiz kimi, bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçirilib.

Görüşün məqsədi nədir, nələr gözlənilir? Bununla bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, görüşün təşəbbüskarı Azərbaycandır:

“Bir il bundan əvvəl də Bakıda belə üçtərəfli görüş keçirildi. Bilirsiz ki, İran və Rusiya Azərbaycan üçün bir çox məsələlərlə bağlı olan dövlətlərdir. Belə vəziyyətdə təbii ki, tarixi problemləri qaynatmaq istəyən bəzi güc mərkəzləri, dövlətlər var idi. Regionda sabitlik də bunu tələb edirdi ki, belə danışıqlara imkan verilməsin. O cümlədən, Azərbaycan prezidenti təşəbbüs irəli sürdü və bu təşəbbüs də iki qonşu tərəfindən qəbul olundu. İndi də növbəti görüş İranın ərazisində keçirilir. Bu görüş ümumi siyasi konseptual məsələlərlə yanaşı, konkret praktiki məsələləri də həll edir. Bildiyiniz kimi, orada müzakirə olunan əsas məsələ Şimal-Cənub dəmir yolu marşrutudur. Bu məsələ ilə bağlı işlərin çoxu da artıq həllini tapıb. Bu da o deməkdir ki, artıq böyük işlər görülüb, kiçik işlər qalıb. Dünən Xarici işlər naziri Elmar Məmmədyarov elan elədi ki, Azərbaycan İrana 500 milyon kredit verib. Düşünürəm ki, lazım olsa yenidən kredit verilə bilir. O da nəzərə alınmalıdır ki, Astara-Astara dəmir yolu körpüsünün tikintisi də elə Azərbaycanın İrana verdiyi kredit hesabına başa gəlib. Bu, çox böyük etimad mühitidir, çox gözəl şəraitdir”.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə politoloq qeyd edib ki, Azərbaycan həmişə çalışır ki, İranla münasibətlər həmişə yaxşı olsun: “Amma Mahmud Əhmədinejatın prezidentliyi dövründə Azərbaycandan verilən təşəbbüslər itib-batırdı. O, kifayət qədər ermənipərəst siyasət aparırdı. Amma Həsən Ruhani hakimiyyətə gəldikdən sonra həm siyasi mühit, həm də iqtisadi əlaqələrdə münasibət dəyişdi. Həsən Ruhaninin Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə bağlı da mövqeyi dəyişib. İndi Ruhani komandası tədricən erməniləri başa salmağa çalışır ki, əgər regionda əməkdaşlıq, İrandan fayda istəyirsinizsə, hökmən sabitlik olmalıdır. Regional sabitliyi təmin etməyin ən gözəl yolu da Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Ermənistanın Baş naziri Karen Karapetyan İranda olarkən, İran ona Yaxın Şərq regionundakı münaqişələrdə birgə iştirak eləməyi təklif elədi, əvəzində də istədi ki, İran, Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak eləsin. Ona görə, görək hələ İranın təklifinə nə vaxt reaksiya verəcəklər. Amma Həsən Ruhaninin Azərbaycana münasibətinin dəyişməyi, Azərbaycanın Dağlıq Qarabağ probleminə münasibətinin dəyişməsi bir faktdır. Bütün dəyişikliklər də ermənilərin ziyanına, Azərbaycanın xeyrinədir. İnanıram ki, nə zamansa bu məsələdə İran çox konkret addımlar atacaq”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı