Ərdoğandan sonra Sarkisyanın Moskavaya səfərinin iki səbəbi...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək. Məlumata görə, onun Rusiya prezidenti Vladimir Putinlə görüşündə əsas mövzu Suriya və ikitərfli əlaqələr olacaq. Ancaq Dağlıq Qarabağ məsələsinə də toxunulacağı gözlənilir. Maraqlıdır ki, Ərdoğanın səfərindən sonra Serj Sarkisyan da Rusiyaya səfər edəcək.

Xatırladaq ki, qısa müddət öncə Azərbaycan prezidenti İlham Əliyev həm Türkiyə, həm də Rusiya prezidenti ilə təkbətək görüşlər keçirib. Ərdoğanın da səfər öncəsi rusiyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini müzakirə edəcəyini bildirməsindən sonra Sarkisyanın Moskvaya səfəri bir sıra suallar doğurur.

Məsələ ilə bağlı millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, cənab Ərdoğanın səfər öncəsi verdiyi müsahibəsində səsləndirdiyi bir fikir çox böyük ajiotaja səbəb olub:

“Xüsusilə erməni mətbuatında erməni siyasətçilər, bunun arxasında nələrin dayanması ilə bağlı ciddi müzakirələr aparırlar. Ərdoğan müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə görüşündə müzakirə olunan məsələlər sırasında ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin adını çəkib. Bu məsələ ilə bağlı xüsusi ajiotajın səbəbi onunla bağlıdır ki, iki dövlətin arasında həllini, tənzimlənməsini gözləyən xeyli məsələ var. Cənab Ərdoğan müsahibəsində digər məsələlərin üzərindən bir qədər sükutla keçib, Dağlıq Qarabağ məsələsini qabartması hesab edirəm ki, əsas sual doğuran məsələlər sırasındadır.

Digər tərəfdən, Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi, bu görüşdə bir sıra məsələlərlə bağlı ortaq mövqeyin ortaya qoyulması, eyni zamanda Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüşün keçirilməsi, yekunda Tehran bəyənnaməsinin imzalanması, həmin bəyənnamədə məhz, regionda olan münaqişələrin, o cümlədən, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizlik üçün çox ciddi təhdid olması ilə bağlı məsələlər öz əksini tapıb. Bütün bunların hamısına kompleks şəkildə yanaşdıqda belə qənaətə gəlmək mümkündür ki, bu gün Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətləri inkişaf xəttinə malikdir. Bu konteksdə, Ermənistan prezidentinin də son verdiyi bəyənatların mülayimliyi və bir qədər də geri çəkilmə tendensiyasının müşahidə olunması çoxsaylı suallar doğurmaqdadır. Məsələn, Sarkisyan bu yaxınlarda verdiyi müsahibələrinin birində qeyd etmişdi ki, Cenevrə danışıqlarından sonra onun dediyi sözlər düzgün anlaşılmayıb, Azərbaycan tərəfindən düzgün başa düşülməyib. O, indi səbrsizliklə gözləyir ki, Azərbaycan prezidenti ilə növbəti dəfə görüş olsun. Bu, erməni politoloqlarını da düşündürür ki, Sarkisyan niyə bu qədər Azərbaycan prezidenti ilə danışıqların keçirilməsinə maraqlıdır və onun səsləndirdiyi fikirlər daha çox qorxaqlıdan xəbər verir, əvvəlki ritorikası qalmayıb. Nəzərə alsaq ki, Ermənistan prezidenti Serj Sarkisyanın noyabrın 15-16-da Rusiya paytaxtına səfəri olacaq, bu nöqteyi-nəzərdən, Ərdoğanın və Sarkisyanın səfərləri təxminən eyni zamana təsadüf edir. Bu da diqqətdən yayınmayan məqamlardan biridir. Yəqin ki, Sarkisyanın Moskvaya səfər etməyinin əsas iki səbəbi ola bilər. Birincisi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni vəziyyət, ikincisi isə, qarşıdan Avropa Şurası Şərq Tərəfdaşlığı sammitində Ermənistanın Avropa İttifaqı ilə çərçivə sazişi imzalayacağı gözlənilir. Bu konteksdə, Ermənistanın Rusiyadan təlimatlar alması – hesab edirəm ki, əsas məqamlar bundan ibarətdir. Amma hər halda, danılmaz həqiqət bundan ibarətdir ki, son zamanlar münaqişənin tənzimlənməsi ilə bağlı canlanma və dinamizm müşahidə olunur. Proseslər Azərbaycanın xeyrinə cərəyan etməkdədir”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı