Azərbaycan “Elektron hökumət” xidmətlərinin müzakirə olunduğu tədbirdə təmsil olunub

Azərbaycan “Elektron hökumət” xidmətlərinin müzakirə olunduğu tədbirdə təmsil olunub
10:51 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri Finlandiyanın paytaxtı Helsinki şəhərində  “İştirakçı demokratiya, açıq idarəçilik və səmərəli e-hökumət xidmətləri (PADOS)” layihəsi çərçivəsində təlim səfərində olublar.
 
Komissiyadan verilən məlumata görə, təlimdə Şərq Tərəfdaşlığı (Azərbaycan, Belarus, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan) ölkələrinin müvafiq qurumlarının nümayəndələri ilə yanaşı, Estoniya və Finlandiyanın dövlət qulluqçuları və ekspertləri də iştirak ediblər.
 
Layihə Finlandiyanın Xarici İşlər Nazirliyi və Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və Finlandiyanın Dövlət İdarəçiliyi İnstitutu (HAUS) tərəfindən icra edilir. Layihənin hədəf ölkələri Şərq Tərəfdaşlığı ölkələri, əsas tərəfdaşları isə Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzi, Estoniya Diplomatik Məktəbi, Estoniyanın E-Hökumət Akademiyası, Dövlət idarəçiliyinin İnkişafı və Təlim Mərkəzidir. Layihə Şərq Tərəfdaşlığı ölkələrində qərar qəbuletmə prosesinin və idarəetmənin şəffaflığının və açıqlığının genişləndirilməsi, eləcə də demokratik idarəçiliyə dəstəyin göstərilməsi məqsədini daşıyır.
 
Tədbir çərçivəsində “İştirakçı demokratiya, açıq idarəçilik və səmərəli e-hökumət xidmətləri (PADOS)” layihəsinin açılış konfransı keçirilib.
 
Konfransda “Estoniyada e-hökumət və açıq idarəçilik”, “Kibertəhlükəsizlik”, “Açıq və birbaşa iştirakçılıq: Finlandiyada inkişaf üçün demokratik xidmətlər”, “Estoniyanın islahatları və tənzimləyici tədbirlər”, “Finlandiyada mərkəzi idarəçilik islahatları” və digər mövzularda çıxışlar edilib.
 
Qeyd edək ki, 1 il müddətinə nəzərdə tutulan bu layihə öz işini Şərq Tərəfdaşlığı ölkələrində “Demokratiya, yaxşı idarəçilik və stabillik” platforması çərçivəsində idarəçiliyin əsas sahələrini inkişaf etdirməklə institusional quruculuq və dövlət idarəçiliyinə dəstək istiqamətində davam etdirəcək. Layihə çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində araşdırma missiyalarının təşkil ediləcəyi və ehtiyaclar nəzərə alınmaqla həmin ölkələrdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihədə 3 əsas komponentə - “İştirakçı demokratiya, elektron demokratiya və açıq idarəçilik”, “Elektron dövlət idarəçiliyi, kibertəhlükəsizlik və məlumatların mühafizəsi”, “Mürəkkəb xarici mühitdə dövlət idarəçiliyi islahatları və yeni liderlik” diqqət yetirilir.
 
CAHANGİR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36047-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR