Argentina agentliyi Qarabağ səhvini düzəltdi

Argentina agentliyi Qarabağ səhvini düzəltdi
11:01 7 Aprel 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Argentina Milli Xəbərlər Agentliyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə birmənalı hörmətini ifadə edib.

Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, 18-23 mart tarixlərində Ermənistanda keçirilmiş beynəlxalq mediaforumun bəzi iştirakçılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil olunub.

Həmin iştirakçılar arasında Telam - Argentina Milli Xəbərlər Agentliyinin jurnalisti Maria Laura Karpineta (Carpineta) da olub və qanunsuz səfərdən sonra argentinalı jurnalistin Telamın internet saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən məqaləsi yerləşdirilib.

Məsələ ilə bağlı Azərbaycanın Argentinadakı Səfirliyi Telam agentliyinin rəhbərliyi ilə əlaqə saxlayıb. Səfirlik tərəfindən jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etdiyi, bununla Azərbaycanın müvafiq qanunlarını pozduğu və buna görə də Azərbaycanda "arzuolunmaz şəxslərin siyahısı"na daxil ediləcəyi bildirilib, habelə yazının agentliyin rəsmi internet saytında yerləşdirilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb. Həmçinin səfirlik tərəfindən Telam agentliyinə Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı ətraflı məlumat da təqdim olunub.

Bundan dərhal sonra aidiyyəti məqalə Telam agentliyinin rəsmi səhifəsindən çıxarılıb. Eyni zamanda, agentliyin rəhbərliyi tərəfindən Azərbaycan Səfirliyinə rəsmi üzrxahlıq məktubu da göndərilib.

Məktubda Telamın rəhbərliyi təəssüfləndiyini bildirib ki, agentliyin internet saytında yerləşdirilmiş aidiyyəti üzrə məqalədə BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində qeyd olunduğu kimi Dağlıq Qarabağın Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olması və Ermənistan tərəfindən işğal olunması fikri aydın şəkildə əks olunmayıb.

Məktubda qeyd olunub ki, sonradan aparılmış araşdırma nəticəsində məsələ ilə bağlı bir sıra səhvlərə və qeyri-dəqiqliklərə yol verildiyi aşkarlanıb və bu səbəbdən də məqalə agentliyin internet saytından çıxarılıb. Telam rəhbərliyi baş vermiş insidentə görə ən səmimi üzrxahlığını bildirdi və bu kimi anlaşılmazlıqların gələcəkdə təkrarlanmaması üçün müvafiq iş aparılacağına əmin etdi. Məktubun sonunda Argentina Milli Xəbərlər Agentliyinin rəhbərliyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə birmənalı hörmətini ifadə edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR