Ceyran Əliyeva: “Voleybol yığmamız ölkəmizi layiqincə təmsil edəcək”

Ceyran Əliyeva: “Voleybol yığmamız ölkəmizi layiqincə təmsil edəcək”
14:24 7 Aprel 2015
99 İdman
Ölkə mətbuatı
A- A+

 

 

Bakıda keçiriləcək Birinci Avropa Oyunları yaxınlaşdıqca idmançılar məşq və hazırlıqlarını  daha da intensivləşdirir.  “APA Holding”in qonağı olan "Azəryol” klubunun aparıcı voleybolçuları I Avropa Oyunları ilə bağlı öz proqnozlarını veriblər. Yığmamızın ən gənc üzvlərindən Ceyran Əliyeva həm də Avropa Oyunlarının idman elçisi olmasından qürur hissi keçirir: “Bu, çox sevindirici haldır. Çünki bütün ölkə üzrə idman elçisi seçilmək, voleybolu təmsil etmək çox qürurvericidir. Ölkəni təmsil etmək isə böyük məsuliyyətdir. Bununla yanaşı, Avropa Oyunlarının Bakıda keçirilməsi də böyük üstünlüklərimizdəndir. Çünki doğma azarkeşlər qarşısında çıxış etmək, hər oyunda onların dəstəyini hiss etmək hər bir idmançıya əlavə güc verir. Həmçinin, məsuliyyətimizi də artırır”.

 

Yığmamızın Avropa Oyunlarında göstərə biləcəyi nəticələrə gəldikdə isə Ceyran Əliyeva deyir ki, ölkəmizi layiqincə təmsil etməyə çalışacaqlar: “Bu möhtəşəm yarışın hazırlığına Super Liqa bitdikdən dərhal sonra - aprelin sonlarından başlayacağıq. Ölkə xaricində çıxış edən voleybolçularımız da həmin vaxt düşərgəmizə qoşulacaq. Qrupumuza gəldikdə, İtaliya, Türkiyə, Polşa, Belçika və Rumıniya yığmaları yer alıb. İlk 2 komanda çox güclüdür. Onlar illərdir bunu sübut ediblər. Polşa, Belçika və Rumıniya... Düşünürəm ki, bunlardan da yalnız sonuncusu ilə bir qədər asan oyun ola bilər. Digərlərini “asanlıqla məğlub edəcəyik” də deyə bilmərəm. Ölkəmizi lazımınca təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

 

“Azəryol” voleybol klubunun keçirdyi oyunlardan, qarşıdakı yarışlardan danışan baş məşqçi Ceyson Haldan da Avropa Oyunlarına inamla hazırlaşdıqlarını deyir: “Bu, Avropa qitəsində ilk belə yarışdır. Çünki London Olimpiadasında oynadığımdan deyə bilərəm ki, bu cür oyunlarda mübarizə çox gərgin alınır. Qadınlardan ibarət Azərbaycan yığmasını yaxından tanıyıram. Fikrimcə, bu komanda yarışda özünü yaxşı tərəfdən göstərib, qalib gəlmək gücündədir”.

 

Yığmanın hazırda çox güclü olduğunu deyən və iki aydan sonra  mükafatlar uğurunda qızğın mübarizə aparacağını xatırladan voleybol üzrə Azərbaycan millisinin və “Azəryol”un kapitanı Oksana Kurt optimist əhval-ruhiyyədədir: “Belə bir yarışın ölkəmizdə keçirilməsinin özü böyük hadisədir. Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq çox çətin olur. Elə Avropa Oyunları da başqa ölkədə keçirilsəydi, bizim oraya lisenziya qazanıb-qazanmayacağımızı bilmək olmazdı. Amma evdə oynamağımız yerinə düşdü. Bu yarışda qarşımıza da yüksək vəzifələr qoyulub. Yəni, Avropa Oyunlarının Bakıda keçiriləcəyi məlum olan gündən komandamızın medallar uğrunda mübarizə aparacağı bəlli idi”.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR