Saxalindəki Azərbaycan diasporunun rəhbəri: “Yaxınları batan gəmidə ölən azərbaycanlıların meyitlərini tanıyıblar”

Saxalindəki Azərbaycan diasporunun rəhbəri: “Yaxınları batan gəmidə ölən azərbaycanlıların meyitlərini tanıyıblar”
17:07 7 Aprel 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 17:01 ]

Moskva. Fərid Əkbərov - APA. Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə rəhbəri Nazir Hətəmov Oxot dənizində batan “Uzaq Şərq” balıqçı gəmisinin xilas olunan azərbaycanlı heyət üzvü, hazırda Saxalin Vilayət Xəstəxanasının Pulmonologiya şöbəsində müalicə olunan İmaməddin Sadıqova baş çəkib.

N. Hətəmov APA-ya açıqlamasında bildirib ki, batan gəmidə xilas olunanlardan birinin - Muradəli Talıbovun vəziyyəti ağırdır: “Digərlərinin vəziyyəti isə normaldır. Xilas olunanlardan üç nəfəri Saxalinə gətirilib, bir nəfər - Elman Əliyev Maqadanda xəstəxanaya yerləşdirilib”.

 

Diaspor rəhbəri Saxalin vilayətinin qubernatoru Oleq Kojemyako ilə görüşdüyünü də söyləyib: “Xilas olunanları və ölənləri daşıyan “Andramed” gəmisi bu gün saat 10:00 radələrində Korsakov limanına çatıb. Saxalin qubernatoru Oleq Kojemyako, gəmidə olan insanların yaxınları gəmini qarşılamağa gəlmişdilər. Biz də Azərbaycan diasporu olaraq oradaydıq. Saxalin qubernatoru bizimlə söhbətində xilas olunan və həyatlarını itirən azərbaycanlılarla maraqlandı. Əllərindən gələn köməyi edəcəklərini söylədi”.

 

N. Hətəmov ölən azərbaycanlıların qohumlarının meyitlərə baxış keçirdiyini bildirib: “Yaxınları meyitləri tanıdılar. Hazırda cəsədlər morqdadır. Onların Azərbaycana göndərilməsi ilə məşğuluq”.

 

Qeyd edək ki, Oxot dənizində “Uzaq Şərq” adlı balıqçı gəmisinin batması barədə məlumat aprelin 1-də Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilib. Qəza nəticəsində 56 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü açıqlanıb. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlıdan dördü - Mayılağa Talıbov, Elman və Yaşar Əliyev qardaşları, İmaməddin Sadıqov xilas ediliblər. Digər üç nəfər - Məhəmməd Səfərov, Muradəli Məhərrəmov və Fazil Şəkərov isə boğularaq ölüblər.         


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR