“Qurşaqdan aşağı əmr-bi-məruf”: bizə yaraşarmı?

“Qurşaqdan aşağı əmr-bi-məruf”: bizə yaraşarmı?
21:42 7 Aprel 2015
57 Sosial
Ölkə mətbuatı
A- A+

Yaxşılığa dəvət və pisliklərdən çəkindirmək Füruiddinin tərkib hissəsidir və hər bir müsəlman da buna bacardığı qədər əməl etməlidir. “Bacardığı qədər”i təsadüfən qeyd etməmişik. Çünki bəzən müsəlman əmr-bi-mərufu və nəhy-əz-münkəri bacarmır. Amma ona elə gəlir ki, bu işin öhdəsindən ustalıqla gəlir. Nəticədə isə qaş düzəltdiyi yerdə gözü çıxarır. Bəs hansı dəvət və hansı çəkindirmə məqbuldur?

2011-ci ilin sonlarında Edinburqda hərrac keçirildi və 1838-ci ildə taxt-taca sahib olmuş Böyük Britaniya kraliçası Viktoriyanın alt paltarı 9375 funt sterlinqə satıldı. Əldə edilən vəsait, deyilənə görə, xeyriyyə məqsədləri üçün xərcləndi. Əslində, bu da əmr-bi-mərufun bir növüdür. Fantaziyanızdan asılı olaraq buna müxtəlif adlar verə bilərsiniz - “qurşaqdan aşağı əmr-bi-məruf”, “balağaltı əmr-bi-məruf” və s. Amma mahiyyət dəyişmir. Bu addımı atmaqla nəinki britaniyalılar, faktiki olaraq bütün sivil dünya xeyrəyyəçiliyə dəvət edildi. Amma... Bu yol bizim üçün məqbuldurmu? Şəriətimiz bunu alqışlayarmı? Hətta məramımız ən ali olsa belə? Təbii ki, yox. Bizim öz yolumuz olmalıdır və var da. Necə ki, öz dinimiz var. Və bu dinimizlə də həmişə fəxr etmişik. Onun bir özəlliyini də daim vurğulamağı xoşlayırıq: İslam hər zaman, bütün dövrlər üçün müasir dindir, zamanla heç vaxt ziddiyyət təşkil etmir. Bu müasirlik yükü bir qədər də hər müsəlmanın üzərinə düşür - əmr-bi-məruf və nəhy-əz-münkər qədər. Bu yükü daşıya bilirikmi?..

Uşaq vaxtı bir namaz qılan nənə ilə o zamanın müasir gənci arasında baş verən dialoqdan sizi də agah etmək istərdim (Allah hər ikisinə rəhmət eləsin). Deməli ki, namaz qılmayan gənc israrla dindar nənəni əmr-bi-məruf edirdi:

- Ay arvad, yenə dediyindən əl çəkmirsən? Ay oğlan-zad deyil e, gedib düşüblər üstünə, baxıblar. Torpaqdı e, torpaq!

Nənə də öz növbəsində gənci “haqqa” dəvət edirdi:

- Adə, bəsdi! Ağzın əyiləcək, onda ağlın gələcək başına. Bəsdi!

Sözügedən nənə Ayın oğlan olması haqqında “açıqlamaları” yatıb yuxusunda görməmişdi. Onu da zamanında kimsə “maarifləndirmişdi”, öz aləmində əmr-bi-məruf etmişdi, bacardığı qədər. Əlbəttə, indi heç kim Ayın oğlan olmasını demir və düşünmür də. İnternet, televiziya, sosial şəbəkələr nə qədər fəsad törətsələr də, hər halda müsbətləri də var. Camaat heç olmasa azacıq da olsa dünyadan xəbər tutur. Ancaq müasir zəmanəmizdə də “Ay oğlandı”ya bənzər cəfəngləri söyləyib bunu isbat etməyə çalışanlar var. Onlara boyun əyməyənləri az qala kafir, azğın kimi damğalamağa hazırdılar: “Filankəsi deyib e!”, “Adə sən heç ərəbi bilmirsən, hələ fikir söyləyirsən?”, “Məgər Allah istəsə belə şey ola bilməz?”. Belə “üləmaları” görənlər də, təbii ki, dinə tərəf dönməkdənsə əks tərəfə istiqamətlənirlər…

Bir haşiyə: Bəzən eşidirik: “Əşi, guya mən belə edirəm deyə filankəs gedib vəhabi olub? Allah istəsəydi o da düz yolda olardı da”. Çox səhv yanaşmadır. Eyni ilə ateistlərin “Allah istəsəydi mən də dindar olardım” absurd bəhanəsinə bənzəyir.

…Camaata dini sevdirməyin bəzən qəribə vasitələrinə rast gəlirik. Kobudluq, namaz qılmayana yuxarıdan aşağı baxmaq, hər imkan düşəndə özünün daha yüksək mövqeyə malik olduğunu xatırlamaq və sair. Bəzən hətta qeyri-dindarların təharət məsələləri ilə “yaxşılığa dəvətinin” şahidi oluruq. Qətiyyən mübaliğyə yol vermirəm. Özüm şahidi olmuşam. Bir dəfə xırda biznes məsələsi üçün avtomobildə yol gedən qeyri-dindar “hörmətli” həcidən ayaqyolu yaxınlığında 2-3 dəqiqəlik dayanmasını rica etdi. Həci də onu belə “dəvət” etdi: “Əşi, sən ayaqyolunu neynirsən e? Ala sən “lyuboy” ağacın yanında rahatlana bilərsən. Vay bizim halımıza! Su gətir, ləyən gətir! Adə zülm çəkirik e! İnşallah, sən də namaza başlayarsan!”…

P.S. Yaxşılığa dəvət və pislikdən çəkindirmə hər müsəlmanın vəzifəsidir, sözsüz. Amma bu vəzifəni yerinə yetirərkən real imkanlarımızı dəqiq müəyyənləşdirməli, tibbin əsas prinsipi heç vaxt unutmamalı və ona riayyət etməliyik – ZİYAN VURMA!

islam.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/24135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR