Azərbaycan yeni səfirə aqreman vermədi - Gizlinlər nədir?

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu vəzifədən geri çağırılıb.

Metbuat.az-ın məlumatına görə, Vladimir Putin V. Doroxinin vəzifədən azad olunması ilə bağlı fərman imzalayıb. O, 2009-cu ilin fevralında Azərbaycana səfir təyin olunmuşdu.

Bu gün yayılan məlumatda isə bildirilir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb. Virtualaz.org-un xəbərində bildirilir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindəki mənbələrdən bildirilib.

Diplomatik qaydalara əsasən, səfirin təyinatından əvvəl qəbul edən tərəfdən aqreman - etimadnamə verilməsinə ilkin razılıq istənilir. Azərbaycan Georgi Zuyevlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə aqreman verməkdən imtina edib. Buna səbəb Georgi Zuyevin ermənipərəst mövqeyi olub.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, Georgi Zuyev Rusiyanın vətəndaşıdır, diplomatıdır, Xarici İşlər Nazirliyinin şöbə müdiridir: “Onun törətdiyi əməllər, faəliyyəti Rusiyada ermənipərəst kimi görünmür. Amma bizim Rusiyadakı səfirimiz Polad Bülbüloğlu onu tanıyır, bilir ki, ermənipərəstdir. Yəqin ki, bu barədə məlumatı da Azərbaycan Xarici İşlər Nazirliyinə verib. Bu barədə məlumat vermək onun vəzifəsidir. Xarakterizə edib ki, Azərbaycanla bağlı təşəbbüslər Rusiya XİN-də Zuyev tərəfindən ləngidilir, amma Ermənistanın işləri yaxşı gedir. Onun aqreman edilməsində ən əsas funksiya Xarici İşlər Nazirliyinin üstündədir. Xarici İşlər Nazirliyinin də bu məsələdə ən mühüm idarəsi Rusiyadakı səfirliyimizdir.

Amma bu, heç bir qalmaqala səbəb olmayacaq. Bəlkə də artıq Rusiya başqa kiminsə adını verib, Azərbaycan də aqreman verib, ona görə Vladimir Doroxin geri çəkilib, biz də yaxın zamanlarda yeni səfirin adını biləciyik”.

Günay Elşadqızı / METBUAT.AZ

“Xocalı soyqırımı Çexiya parlamentinin qərarında əksini tapıb” - SƏFİRLƏ MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı