BP və tərəfdaşları Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğuna 488 min manat ayıracaq

BP və tərəfdaşları Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğuna 488 min manat ayıracaq
11:12 11 Dekabr 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün BP və onun "Azəri-Çıraq-Günəşli" (AÇG), Bakı-Tbilisi-Ceyhan(BTC), "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Azərbaycanda əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək edən sosial investisiya layihəsinə başladığını elan edib.
"Report" xəbər verir ki, layihənin ümumi dəyəri 488 min manatdan artıqdır. Layihə təxminən bir il olmaqla 2018-ci ilin sonunda başa çatacaq.
Layihə təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bir qrup əlilliyi olan şəxsin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihənin əhatə etdiyi 100 nəfər iştirakçı ümumi təhsil almış, həmçinin universitet və peşə məktəblərini bitirmiş şəxslərdir.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə tərəfdaşlıq qurulmasını da nəzərdə tutur. Bundan əlavə, bir qrup biznes təşkilatı artıq 100 nəfər layihə iştirakçısına təcrübə və məşğulluq imkanları təmin etmək öhdəliyi götürüb və layihə bu fəaliyyətin idarə olunması üçün həmin təşkilatlardan ibarət rəhbər komitənin yaradılmasını planlaşdırır.
Layihəyə digər iş bilgiləri ilə yanaşı ingilis dili, kompüter və ünsiyyət bacarıqlarının öyrədilməsi də daxildir. İştirakçılar öz karyera istəklərinə uyğun olaraq ya veb-sayt proqramlaşdırma/dizayn ya da tətbiqi proqramların/proqram təminatının hazırlanması üzrə təlimlər üçün qruplaşdırılacaq.
Proqram çərçivəsində həmçinin motivasiya yaratmaq məqsədilə üç forum və əlilliyi olan tanınmış şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmin şəxslər öz karyeralarını necə qurduqlarına dair təcrübələrini bölüşəcəklər.
Layihəyə cəlb ediləcək təlimçilər "Xüsusi təhsil ehtiyacları üzrə müəllimlərin yetişdirilməsi" təlimində iştirak edəcəklər. Bu proqram xüsusi, yaxud əlavə qayğıya ehtiyacı olan şəxslərə dəstək verilməsi, cəmiyyətə inteqrasiya və müxtəliflik tələb olunan hər hansı təhsil mühitində müəllimlərə kömək üçün nəzərdə tutulub.
Layihə "British Council" təşkilatı tərəfindən yerinə yetiriləcək.
Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib ki, layihə elə tərtib olunub ki, iştirakçılar özlərini gələcək məşğulluğa həm iş bilgisi, həm də psixoloji və sosial baxımdan hazırlaya biləcəklər: "Bunlar istənilən təlim, yaxud təhsil proqramının mühüm elementləridir, lakin əgər proqramlar əlilliyi olan şəxslər üçün nəzərdə tutulubsa, onda həmin elementlərə daha ciddi diqqət ayırmaq tələb olunur".
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov layihənin əhəmiyyətini qeyd edərək bildirib ki, bundan sonra da əməkdaşlığın genişləndiriləcəyinə və belə proqramlara digər şirkətlərin də qoşulacağına ümid edir: "BP və tərəfdaşları əlilliyi olan şəxslərin məşğulluğunun artırılmasına dəstək göstərir. Dövlət də müəyyən addımlar atır və atmağa davam edəcək".



Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bp-ve-terefdaslari-azerbaycanda-elilliyi-olan-sexslerin-mesgulluguna-488-min-manat-ayiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR