Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın barələrində olan hökmdən verilən apellysiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.
S.Mansurova 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işləyib, A.Bağırova isə 2009-2010-cu il müddətində Təhsil Nazirliyində məsul vəzifədə işləyib.
S.Mansurova A.Bağırovanı 2014-cü ildə tanıdığını və uşağını həmin poliklinikaya qeydiyyata saldığını deyib.
Aralarında yaranan münasibətdən sonra S.Mansurova A.Bağırovaya ona işə düzəltmək üçün adam tapmasını istəyib. A.Bağırova da vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib.
S.Mansurova həmin vəzifəli şəxslərlə əlaqə qurmaq üçün A.Bağırovanın təklifi ilə razılaşdığını söyləyib.
Hər iki qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan A.Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib. O, 1 yaşlı övladını da özü ilə həbsxanaya aparıb.