Biləsuvar və Tovuz rayonunun sakinləri oktyabr ayından bəri təbii qaz və elektrik enerjisinə həsrət qalıb desək, o qədər də şişirmiş olmarıq.
Bununla bağlı rayon sakinləri Publika.az-a müraciət ünvanlayıb. Sakinlər deyir ki, problem təkcə rayon mərkəzində deyil, kəndlərdə də müşahidə edilir.
Onların sözlərinə görə, demək olar ki, hər gün elektik enerjisinin verilişində problem yaşayırlar, küləkli günlərdə vəziyyət daha da çətinləşir, gün ərzində işıq və təbii qaz verilmir:
“Tovuz rayonunda həftənin 5-ci günləri ümumiyyətlə, qaz olmur. Digər günlərdə isə fasilələrlə verilir. Bunun səbəbi istixanalarla bağlıdır. İstixanaların istiliklə təminatı üçün əhaliyə verilən elektrik enerjisi və təbii qazın verilişində fasilələr olur”.
Oxşar problem Cəlilabad rayonunun kəndlərində də yaşanır. Adnalı və ətraf kəndlərdə elektrik enerjisi gün ərzində müəyyən saatlarla verilir. Sakinlər deyir ki, hər gün səhər saat 10:00-dan axşam 18-19-a qədər elektrik enerjisi kəsilir.
Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxladıq.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanıverdi Mustafayev Publika.az-a bildirib ki, elektrik enerjisinin verilişində problem adətən borcu olan abonentlərlə bağlı olur:
“Bir kənddə sakinlərdən birinin borcu olarsa, onun evinə elektrik enerjisinin verilişini dayandırmaq üçün təhlükəsizlik məqsədilə bir müddət müvəqqəti olaraq digər abonentlərin də işığı kəsilir. Amma qısa zaman sonra borcu olmayan evlərə elektrik enerjisinin verilişi bərpa edilir. Lakin hazırda respublikanın heç bir bölgəsində elektrik enerjisinin verilişində problem yaşanmır. Problemlə üzləşənlər müraciət etsinlər məsələ araşdırılsın”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev Publika.az-a açıqlamasında bildirib ki, Biləsuvar və Tovuz rayonlarında təbii qazın təchizatında hər hansı problem yoxdur:
“Ərazidə təbii qazın verilişi ilə bağlı hər hansı məhdudiyyət olduğu halda əvvəldən əhali məlumatlandırılır. Bildirmək istəyirəm ki, hazırda adıçəkilən bölgələrdə hər hansı təmir işi aparılmır. Ola bilər ki, problem konkret bir abonentlə bağlı olsun. Bu halda abonent bizim çağrı mərkəzinə müraciət edə bilər. Əməkdaşlarımız ünvana baş çəkib problemin səbəbini yerində araşdırırıq”.
Gülxar