“Bundan sonra Ermənistan-Gürcüstan münasibətləri daha da gərgin olacaq” – Politoloq

Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 25-27-də Gürcüstanda rəsmi səfərdə olub. Səfər zamanı bır sıra məsələlər müzakirə olunub.

Səfərin məqsədini və Ermənistan-Gürcüstan münasibətlərini Metbuat.az-a şərh edən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, əslində tərəflər arasındakı münasibətlərdə kifayət qədər ziddiyyətlər var: “Məsələn Ermənistan bir tərəfdən çalışır ki, Gürcüstanı hədələsin. Onlar dəfələrlə bildiriblər ki, İrəvan Cavaxetiya məsələsindən Gürcüstana qarşı istifadə edə bilər. Həmçinin onlar yaxşı başa düşürlər ki, Ermənistan üçün vacib olan yollar, kommunikasiya xəttləri Gürcüstandan keçir. Ona görə də, Gürcüstanla münasibətləri yüksək saxlamağa da məhkumdurlar. Amma eyni zamanda, o da bəllidir ki, Ermənistan müstəqil dövlət deyil, onların sahibi Rusiyadır. Rusiyanın Gürcüstandan xoşu gəlmir. Gürcüstan Qərblə çox oturub-durur, birgə hərbi proqramlar reallaşdırır. Axırıncı proqram görə, səhv eləmirəmsə, 100 milyon dollar dəyərində hərbi texnikalar alınacaq. Onların da böyük əksəriyyəti “Javelin” adlı tank əleyhinə reaktiv mərmilərdir. Yəni bu, bütün dünyada tanka qarşı demək olar ki, ən güclü silahdır. Bunu amerikalılar öz pulları hesabına Gürcüstana verəcəklər. Maraq burasındadır ki, Gürcüstanın Amerikadan “Javelin” raketləri almasına Rusiyadan əvvəl Ermənistan narahatlığını bildirib. Bu qədər paradoksal bir vəziyyət yaranıb”.

Politoloq deyir ki, Ermənistanın Gürcüstandan asılılığını eyni zamanda başqa bir faktla da göstərmək olar: “Dekabrın 1-də Gürcüstanın baş naziri Georgi Kvirakişvili Ermənistana səfər etməli idi. Səfərə cəmi 5-6 saat qalmış Kvirakişvili Ermənistan səfərini təxirə salıb. Diplomatik praktikaya görə, Gürcüstan rəhbərliyindən kimsə Ermənistana səfər etməli idi, əsas da Kvirakişvili səfərini başa vurmalı idi. Ondan sonra isə Ermənistan rəhbərliyindən kimsə Gürcüstana gəlməli idi. Amma Serj Sarkisyan heç gözləmədi ki, Kvirakişvilinin səfərinin təxirə salınması aydın şəkildə müəyyən olunsun, gəldi Tbilisiyə. Diqqətçəkən başqa bir faktı da deyim ki, Tbilisidən Moskvaya getdi. Yəni MDB-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasına. Bu da Ermənistan siyasətində təsadüfi deyil”.

M.Əhmədoğlunun sözlərinə görə, Serj Sarkisyan Tbilisidə gürcü həmkarı Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında bildirib ki, Ermənistan qərar qəbul edərkən çalışır ki, Gürcüstanın maraqlarına zərər vurmasın: “Əslində Serj Sarkisyan bu bəyənatı ilə Gürcüstanı hədələdi. Çünki hamı bilir ki, o, yalan bəyanatdır. BMT Baş Assambleyasında, beynəlxalq qurumlar da Gürcüstanın ərazi bütövlüyü, qaçqınları ilə bağlı nə qədər səsvermə olubsa, Ermənistan həmişə onların əleyhinə səs verib, hətta neytral da qalmayıb. Əslində Serj Sarkisyan onu deməklə elə bil, Ermənistan adından Gürcüstana hədə gəlir ki, sənin maraqlarını tapdalaya bilərəm”.

Politoloq bildirib ki, Ermənistanın ən çox arzuladığı mövzu kommunikasiya məsələləridir: “Ermənistan arzulayır ki, Gürcü-Abxaz dəmir yolu açılsın. Elə fikirləşirəm ki, Sarkisyan bu məsələdən bir az ruhlanmışdı. Çünki Gürcüstan İsveçrənin vasitəçi şirkəti ilə müqavilə imzalamışdı. Orda Gürcüstan öz üzərinə götürüb ki, təbii fəlakət hallarında Gürcüstan həmin Gürcü-Abxaz dəmir yolundan istifadəyə icazə verər. Yəni bu həmin dəmir yolunun açılmağı demək deyil, sadəcə istisna hallar ola bilər. İndi Sarkisyan da bundan istifadə edib istəyir ki, Gürcü-Abxaz dəmir yolunu açsın.Amma Sarkisyan Ermənistana ayağını qoyan kimi Gürcüstanın xarici işlər naziri bəyənat verib ki, gürcü-obxaz dəmir yolunun açılması müzakirə olunmayacaq”.

Politoloqun sözlərinə görə, Ermənistan çox çalışır ki, Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulma məsələsini Gürcüstan tərəfi həll eləsin: “Hamı bilir ki, Gürcüstanın Azərbaycan qarşısında öhdəliyi var ki, Ermənistanı bu dəmir yoluna qoymayacaq. Ermənilər həm istəyirlər ki, Bakı-Tbilisi-Qarsa qoşulsunlar, həm də Dağlıq Qarabağ məsələsini həll etməsinlər. Çünki Azərbaycanın şərti budur ki, Ermənistan ancaq Dağlıq Qarabağ məsələsi həll olunduqdan sonra Bakı-Tbilisi-Qarsa qoşula bilər. İndi Ermənistan çalışır ki, Gürcüstan Azərbaycanı dilə tutub xahiş eləsin ki, Ermənistan da bura qoşulsun. Amma Kvirakişvili Serj Sarkisyanı yola verdi. Hesab edirəm ki, bu səfərdə Ermənistan qarşısına qoyduğu məqsədə çatmadı".

Günay Elşadqızı / METBUAT.AZ

25 ildir həll olunmayan münaqişə - Məsələnin həllinə mane olan nədir?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı