“İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır” - Politoloqdan açıqlama

Xəbər verdiyimiz kimi, İtaliya 2018-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik edir.

Metbuat.az-ın məlumatına görə, ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano bildirib ki, İtaliya ATƏT-ə sədrlik etdiyi müddətdə təşkilatın dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də səylər davam etdiriləcək: “İtaliya uzun müddətdir davam edən münaqişələrin nizamlanması üçün mövcud formatlar vasitəsilə ATƏT-in fəaliyyətini gücləndirəcək. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində üç həmsədr ölkə ilə birgə səylərimizi davam etdirəcəyik”.

ATƏT sədrinin açıqlamasını Metbuat.az-a şərh edən politoloq Arzu Nağıyev bildirib ki, İtaliya bunun marağındadır: “Çünki həm TANAP layihəsində, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə təhdiddə Azərbaycan çox mühüm rol oynayır. Bu mühüm rolu daha da qabartmaq, regionda böyük layihələrin həyata keçirilməsi üçün təhlükəsizliyə təhdidin qarşısı alınmalıdır. Bu səbəblərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir. Dağlıq Qarabağ münaqişəsi uzandıqca regionda böyük layihələrin həyata keçirilməsi problemə çevrilir. Məhz buna görə, İtaliya həqiqətən də marağındadır ki, məsələni həll etsin.

Eyni zamanda, siyasi stabilliyin yaranması da Avropada çox mühüm amildir. Bu gün məlum məsələdir ki, Dağlıq Qarabağ münaqişəsindən çox regionda uzanan problem yoxdur. Çünki Avropa İttifaqı dövlətləri də hətta Ermənistanı Şərq Tərəfdaşlığına qəbul etdikdə, imzalama prosesində də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi və bu sahədə mühüm addımların atılacağını dəfələrlə bəyan etmişdi. Birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Dağlıq Qarabağ münaqişəsinin həlli labüd məsələdir. Italiya da bunda maraqlıdır, çünki hər bir sədr olan ölkə istəyir ki, məhz onun sədrliyi dövründə münaqişələr müsbət məcraya yönəlsin. Bu səbəbdən də düşünürəm ki, İtaliya belə bir bəyənatla çıxış edir.


Avropada baş verən hadisələr, ermənilərin ortaya atdığı hər bir millətin müqəddəratının həll edilməsi prinsipi, ancaq ərazi bütövlüyü və suverenliyi çərçivəsində olmalıdır. Düşünürəm ki, İtaliyanın verdiyi bəyənat da bununla əlaqədardır.

- Bunun bir nəticəsi ola bilərmi?

- Düşünürəm ki, 2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümumi bəyənatlar, sülhə çağırış ola bilər. Ancaq bu, tək İtaliyanın sədrliyindən, yəni tək Avropanın istəyindən asılı ola bir şey deyil. Bildiyiniz kimi, həm Ermənistan, həm Azərbaycan, müəyyən kompramislərə getməlidir, danışıqlar masasında əyləşməlidir, super güclər də - həm Amerika Birləşmiş Ştatları, həm də Rusiya birmənalı şəkildə bunun marağında olmalıdır. Həm Rusiyada bu il seçkilər ilidir, həm Ermənistanda, həm Azərbaycanda, bunların hamısı da təsir edən amillərdəndir. Avropa ola bilsin ki, ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində, ayrı-ayrılıqda müəyyən sülhməramlı bəyənatlarla kifayətlənsinlər.

Günay Elşadqızı / METBUAT.AZ

Azərbaycanın 2017-ci ildə qazandığı uğurlar - Millət vəkilləri danışdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı