Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan ilin yekunları ilə bağlı açıqlamasında Qarabağ məsələsinə toxunub.
Metbuat.az-ın məlumatına görə, o bildirib ki, həmsədrlərin irəli sürdüyü sənəddən hansısa birini xüsusi seçdirmək olmaz, çünki bu paket həll variantıdır. “Orada çox mühüm bir təklif var: Dağlıq Qarabağın yekun statusu Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetməsi əsasında müəyyən edilməlidir. Özü də müqəddəratı təyinetmə azad şəkildə həyata keçməli, beynəlxalq hüquqi qüvvəyə malik olmalı və o cümlədən Azərbaycan üçün də məcburi xarakter daşımalıdır”.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Edvard Nalbandyan yalan danışır və bu açıqlaması ilə özünün bacarıqsızlığını, savadsızlığını nümayiş etdirir: “2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində qəbul olunan, yenilənmiş Madrid prinsipləri açıqlanıb. Həmsədr ölkə prezidentləri 5 bəyənat veriblər, o da yenilənmiş Madrid prinsiplərinin üzərindədir, amma hər dəfə müəyyən dəyişiklik ediblər. Bu dəyişikliklərin də mətni mətbuat üçün açıqlanıb. Keçmiş amerikalı həmsədr Ceyms Uorlik amerikan variantını yaradıb, onu açıqlayıb, sonrakı amerikalı həmsədr Riçard Hoqland Uorlikin açıqladığı variantda müəyyən dəyişikliklər edərək təqdim edib. Amerikanın sonuncu həmsədri Endryu Şefer də yeni baza əsasında yeni variantı ortalığa qoyub. Bunların heç birində “Dağlıq Qarabağ ermənisi”, “Artsax xalqı” termini yoxdur. Edvard Nalbandyanın birinci yalanı budur”.
Politoloq deyir ki, əgər o terminlər hansısa sənəddə varsa, XİN rəhbəri onu açıb ortalığa qoysun: “İnanın ki, olsaydı, qoyardı. Edvard Nalbandyan guya adamları aldadır, amma təbii ki, ancaq öz xalqını aldada bilər, səviyyəsi olan heç kimi aldada bilməz. O, gələcək zamanda şərtlə danışır ki, “Dağlıq Qarabağın statusunu "Artsax xalqı" müəyyən etməlidir”, amma demir ki, sənəddə belə bir şey yoxdur. Bununla da öz xalqını aldadır”.
M.Əhmədoğlunun sözlərinə görə, ən yaxşı yol ümumilli lder Heydər Əliyevin qoyduğu yoldur: “Vaxtilə ermənilər ATƏT-in Minsk qrupunun apardığı danışıqlar barəsində ağzına gələn sözləri danışırdılar. O zaman ümumilli liderimiz ATƏT-in Minsk qrupunun həmsədrlərinin ortalığa qoyduğu variantları açıqladı, mətbuata çıxardı və parlamentdə dinləmə keçirdi. Indi də Edvard Nalbandyanın Serj Sarkisyanın, ermənilərin yalanına ən yaxşı cavab Azərbaycan rəhbərliyinin, ATƏT-in Minsk qrupunun, eləcə də ATƏT-in sədrlərinin təqdim elədiyi bütün variantları açıqlamasıdır. Tam səmimi deyirəm ki, açıqlanacaq sənədlərdə Azərbaycan üçün ağrılı məsələlər var, amma faciəvi məsələlər yoxdur. Faciəvi məsələlər ermənilər üçündür, bax onda görəcəyik ki, ermənilər nə qədər yalan danışır. Edvard Nalbandyanın bacarıqsızlığının biri də budur ki, o, Ermənistanın bir nömrəli diplomatıdır, amma hər ilin axırında gedib hərbçilərlə görüşür. Diplomat hərbçi ilə görüşürsə, deməli E.Nalbandyanın özü diplomatik danışıqlara, onların məzmununa inanmır. Əsas gücü onadır ki, erməni hərbçiləri guya qoymayacaq ki, Azərbaycan torpaqlarını işğaldan azad eləsin. Ona görə də onun danışıqlarının hamısı yalandır, ATƏT-in Minsk qrupu həmsədrlərinin ən böyük ermənipərəstliyi ondadır ki, ermənilər danışdığı yalanlara reaksiya vermirlər”.
Günay Elşadqızı / METBUAT.AZ
“İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır” - Politoloqdan açıqlama