Bir neçə gündür Çeçenistan vətəndaşı olduğu iddia edilən Mədinə Əliyeva ölkəmizdədir. Lakin ilkin araşdırmada Dağıstan və Çeçenistanda bu ad, soyadlı qadının qeydiyyatda olmadığı və Azərbaycan sərhədlərindən keçmədiyi bəlli olub.

Goranboy polisi tərəfindən tapılan 104 yaşlı qadın hazırda “Tereza ana” sığınacağındadır. Ötən gün millət vəkilləri Aydın Mirzəzadə, Flora Qasımova, Hikmət Məmmədov, 52 saylı məktəbin direktoru Elmira Ələsgərova M.Əliyevaya baş çəkiblər.

Millət vəkili Aydın Mirzəzadə Mədinə Əliyeva ilə görüş barədə Publika.az-a danışıb.

Deputat bildirib ki, qadının şüuru tamamilə özündə olsa da, bəzən yaşının verdiyi unutqanlıqla müəyyən məqamları xatırlamır:

“Məsələn, bizə Dağıstanın Xosovyurd rayonunun bir kəndində evinin olduğunu 3 ildir oradan çıxdığını, amma kəndə getsək evini tapa bilməyəcəyini deyir. Dediyinə görə, heç bir qohum-əqrəbası yoxdur. Ailəli olub, lakin uşaqları yoxdur. Hazırda yerləşdirildiyi sığınacaqda vəziyyətindən razıdır. Bizim də müşahidələrimiz göstərdi ki, ona qulluq üçün lazımi şərait yaradılıb. Bizim gəlişimizdən isə sevindiyini bildirdi. Xüsusən, görüşdə iki qadının olmasını vacib bildim, ümumi söhbət etsək də, Elmira Ələsgərova və Flora Qasımova fərdi söhbət etdilər. Mədinə Əliyeva bildirdi ki, dəfələrlə Azərbaycanda olub, hətta Azərbaycan dilində mükəmməl danışırdı. Qadının əlində kiril əlifbası ilə yazılmış Çərəkə var idi, ibadətlə məşğul olduğunu dedi. Çeçen nümayəndələri ilə təmiz çeçen dilində danışırdı. Azərbaycanın bütün rayonlarında olduğunu bildirdi”.

A.Mirzəzadənin sözlərinə görə, qadın Azərbaycana İrandan gəldiyini qeyd edib: “O deyir ki, Azərbaycana gəlməmişdən öncə il yarım İranda yaşayıb. İrana nə üçün getdiyini, hansı sərhəd məntəqəsindən keçdiyini izah edə bilmədi. Ancaq gələrkən tək olmadığını dedi. Onun sözlərinə görə, Azərbaycana gələrkən yanında olanlar onun zinət əşyasını və 200 manata qədər pulunu alıblar. Qolunda qızıl qolbağ vardı. Mədinə Əliyeva Goranboy rayonuna gəlməsinin səbəbini də izah edə bilmədi”.

A.Mirzəzadə vurulayıb ki, qadının xarici görünüşündən də onun çeçen ya da Dağıstan xalqlarından olduğunu deməyimizə əsas verir:

“O Azərbaycan, rus və çeçen dillərində danışa bilir. Bir neçə gün əvvəl Çeçenistandan xüsusi nümayəndə gəlib. Onunla çeçen dilində danışıb və qadının çeçen olduğunu qəbul edib. Çeçenistan tərəfi də onu hansısa qocalar evində yerləşdirməyə hazır olduğunu bildirib. Lakin onun şəxsiyyətini təsdiq edən sənədləri yoxdur, hazırda bu işlər araşdırılma mərhələsindədir. Ola bilər ki, o, Çeçenistana aparılsın, ya da Azərbaycanda saxlanılsın”.

Kərbəla adıyla Goranboya göndərilən 104 yaşlı çeçen qadın deputatlarla görüşdü - FOTO

DİN-dən Goranboyda tapılan 104 yaşlı qadınla bağlı - Açıqlama