Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sahibkarlar arasında sorğu keçirib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sahibkarlar arasında sorğu keçirib
11:57 24 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sahibkarlara göstərilən xidmət səviyyəsinin öyrənilməsi ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. 
“Report” xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında ilk öncə bildirilib ki, ölkə prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində Komitə sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, o cümlədən iş adamlarının  qurumun fəaliyyətinə münasibətini öyrənmək məqsədi ilə “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi ilə birgə rəy sorğusu keçirib. 
Komitənin İnformasiya təminatı və elektron idarəetmə şöbəsinin müdiri Fazil Talıblı təmsil etdiyi qurumun açıq hökumətin təşviqi, ictimaiyyətlə əlaqələr və elektron hökumət quruculuğu istiqamətlərində apardığı islahatlar və görülmüş işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, şəffaflığın artırılması və onlayn resursların məzmunun gücləndirilməsi məqsədilə Komitənin məzmun və dizayn baxımından təkmilləşdirilmiş yeni saytı istifadəyə verilib, elektron xidmətlərin və informasiya ehtiyatlarının sayının və funksionallığının artırılması istiqamətində geniş işlər aparılıb. Vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, Komitənin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili məqsədilə Komitə yanında İctimai Şura yaradılıb və 30 noyabr 2017-ci il tarixində keçirilmiş seçkilərin nəticələrinə əsasən 7 qeyri-hökumət təşkilatının nümayəndəsi İctimai Şuranın üzvü seçilib.
Daha sonra “ELS – Müstəqil Araşdırmalar Mərkəzi”nin sədri İradə Yaqubova sorğunun nəticələrini açıqlayıb. Onun sözlərinə görə, sorğu son 5 il ərzində Komitəyə sənədlərin alınması üçün müraciət edənlər arasında aparılıb və 103 sahibkarlıq subyektini əhatə edib. Rəyi soruşulanların 93,2%-i son 5 ildə sahibkarlıq fəaliyyətini icra etmək üçün tələb olunan sənədlərin alınması üçün Komitəyə müraciət edənlərdir. Onlar texniki şərtlərin dövlət qeydiyyatına alınması (2,4%), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi (9,0%), lisenziya tələb olunan fəaliyyət sahələrinə rəylərin verilməsi (7,3%), əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyata alınması (18,4%), ölçmə vasitələrinin kalibrlənməsi (9,5%), məhsullara uyğunluq sertifikatlarının verilməsi (23,2%), məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması (11,3%), uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası (18,9%) kimi xidmətlərindən istifadə ediblər.
Bildirilib ki, Komitəyə müraciət etdikləri zaman etik davranış qaydalarına əməl edilməsinə dair sualı cavablandıran respondentlərin hamısı (100%) bu qaydalara riayət edildiyini, müraciətin ilk anından sənədin qəbuluna qədər bu qurumda diqqət və səmimi yanaşma ilə rastlaşdıqlarını qeyd ediblər. 
SMPDK xidmətlərindən istifadə üçün müraciət edərkən komitə əməkdaşlarının fəaliyyətini 5 ballıq şkala ilə qiymətləndirən respondentlər onların etik davranış normalarına əməl etmələrinə 5 bal, peşəkarlığlarına 4,7 bal, obyektivliklərinə 4,8 bal, operativliklərinə isə 4,6 bal verib. Maraqlıdır ki, operativliyi qiymətləndirən respondentlər bu günə mövcud olan təşkilatı məqamları nəzərdə tutublar. Belə ki, SMPDK-nın müxtəlif xidmətlərinə müraciət edənlər ilkin müraciəti ümumi şöbəyə deyil, birbaşa müvafiq xidmətə yönlədirməyin daha səmərəli olduğunu bildiriblər.
Eyni zamanda qanunsuz tələblər, bürokratik əngəllər, qeyri-qanuni hərəkətlər, öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edilməsi faktları ilə rastlaşmadıqlarını qeyd edən respondentlər bu amilləri “0” balla qiymətləndirib.
SMPDK əməkdaşlarının fəaliyyətini daha bir suala verilən cavablar da xarakterizə edir. Belə ki, "Komitə xidmətlərindən istifadə edərkən problemlərlə rastlaşdıqda nə edirsiniz?" sualına cavab verərkən qeyri-formal həll yollarını axtaranlar aşkarlanmayıb (0%). Rəyi soruşulanların 96,3%-i SMPDK xidmətləri əməkdaşları tərəfindən bildirilən iradları nəzərə alıb aradan qaldırmağa çalışdıqlarını, 3,3% respondent qanuni yolla haqqlarını müdafiə edərək həll etdiklərini bildiriblər. Rəyi soruşulanlar sənədlərin dəqiq və düzgün tərtib edilməsində Komitənin müvafiq xidmətlərinin əməkdaşları tərəfindən köməkliyini, müəyyən edilmiş iradların aradan qaldırılmasına qısa müddət verilərək bunun üçün yenidən müraciət etmək lazım olmadığını qeyd edərək lazımi sənədləşdirməni problemsiz həyata keçirdiklərini bildirib.
Komitənin göstərdiyi xidmətlər barəsində məlumatlara çıxış imkanı lazımi səviyyədə təmin olunmasının qiymətləndirilməsi zamanı 58,2% respondent bunun yüksək səviyyədə təşkil olunduğunu, 31,3%-i xidmətlərin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd ediblər. 10,5% respondent qiymətləndirə bilmədiklərini deyiblər.
Sahibkar olduğları müddətdə Komitənin fəaliyyətində hər hansısa bir dəyişikliyin müşahidə etmələrinə gəldikdə rəyi soruşulanların 46,7%-i ciddi səviyyədə müsbət dəyişikliklərin, 4,9%-i demək olar ki, müsbət kimi qeyd edib. 31,9% respondent dəyişikliklərin olmadığını, 16,5% isə cavab verməkdə çətinlik çəkdiklərini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/standartlasdirma-metrologiya-ve-patent-uzre-dovlet-komitesi-sahibkarlar-arasinda-sorgu-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR