9 fevral - Naxçıvan Muxtar Respublikasının yaranmasından 94 il ötür.
Metbuat.az-ın məlumatına görə, 1924-cü il fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yarandığı gündür. Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni, humanitar sahələrdə görülən təqdirəlayiq işlər Naxçıvan Muxtar Respublikasından da yan keçmir. Naxçıvan sürətlə inkişaf edir, müxtəlif sahələrdə qazanılan uğurlar, iqtisadiyyatda, sosial və mədəni həyatdakı yeniliklərlə diqqəti cəlb edir.
Zaman-zaman başı bəlalar çəkən, qədim tarixə, zəngin mədəniyyətə malik Naxçıvan bu gün öz inkişafının dinamik dövrünü yaşayır. Bu inkişafın təməli isə ulu öndər Heydər Əliyevin Naxçıvana qayğısı ilə başlayıb. Heydər Əliyev Naxçıvana gələndə bu bölgə ağır mühasirədə, hərbi təcavüz təhlükəsi ilə üz-üzə idi. Ulu öndərin 1990-cı il iyulun 22-dəNaxçıvana gəlişi buradakı ab-havanı tamamilə dəyişdi. Böyük Atatürkün vaxtilə "Türk qapısı" adlandırdığı Naxçıvanı məhz Heydər Əliyev 1991-1993-cü illərin ağır, mürəkkəb sınaqlarından alnıaçıq çıxardı.
Heydər Əliyev bilirdi ki, Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi üçün nə deməkdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan bayrağının ilk dəfə salona gətirilməsi, 1991-ci il dekabrın 16-da Muxtar Respublikanın Ali Məclisinin sədri işləyərkən ulu öndərin təşəbbüsü ilə “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edilməsi bu cür tarixi hadisələrdəndir.
1993-2003-cü illərdə də ulu öndər bu diyardan qayğısını əsirgəmədi. Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə muxtar respublikaya dövlət qayğısı gücləndi. Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində qərarlar qəbul olunub. Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Naxçıvanlılar Heydər Əliyevi, Heydər Əliyev isə Naxçıvanı qorudu”. Heydər Əliyevin rəhbərliyi altında keçirilən ali məclisdə qəbul edilən tarixi qərarlar məhz o sessiyada Naxçıvan Muxtar Respublikasının adı dəyişdirildi, sovet sosialist sözləri çıxarıldı.
Naxçıvanda ulu öndər tərəfindən əsası qoyulan quruculuq xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Muxtar Respublikada böyük dəyişikliklərə səbəb olub. Azərbaycanın bu regionunun da uğurları ildən-ilə artır. Naxçıvanda bütün sahələrdə əldə edilən nailiyyətlər isə hər şeydən əvvəl bu diyarın sakinlərinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Sənaye dinamik inkişaf edir, sahibkarlığa əlverişli şərait yaradılır, mövcud müəssisələrin fəaliyyəti bərpa edilir, yeni-yeni istehsal sahələri yaradılır.
2009-cu ilin avqustunda Naxçıvana səfər edən Prezident İlham Əliyev Muxtar Respublikanın yaranmasının 85-ci ildönümü münasibətilə keçirilən mərasimdəki çıxışında Naxçıvana hər səfəri zamanı burada dəyişikliklərin şahidi olduğunu bildirib: “Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.
Onu da qeyd edək ki, 2009-cu ilin oktyabrında Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı toplantısı çərçivəsində Naxçıvan 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bununla da, Azərbaycanın mirvarisi olan Naxçıvanda keçiriləcək tədbirlər bir daha ölkəmizin zəngin mədəniyyət və tarixini bütün dünyaya nümayiş etdirəcək.