Bu gün Azərbaycanın ərazi bütövlüyünün növbəti dəfə parçalandığı Türkmənçay müqaviləsinin imzalanmasından 190 il ötür.
Metbuat.az-ın məlumatına görə, Türkmənçay sülh müqaviləsi ikinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 fevralda Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanıb. Bu müqaviləyə əsasən, İran Araz çayından şimaldakı bütün ərazilər və Qafqazda Rusiyanın hakimiyyətini tanıdı.
Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri A.A.Bakıxanov da iştirak ediblər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak edib.
Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə İran Şahı Fətəli Şahın oğlu Şahzadə Abbas Mirzə imzalayıblar. Müqaviləyə əsasən Araz çayından şimaldakı torpaqlar Rusiyaya qatılıb. Həmçinin İrəvan və Naxçıvan da Rusiyaya verilib. Xəzər dənizində yalnız rus hərbi gəmiləri saxlanıla bilərdi. İran Rusiyaya 20 mln. manat təzminat verməli idi. İrandan Qafqaza və Qafqazdan İrana əhalinin sərbəst keçməsinə icazə verildi.