Bu gün Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazovun şəhid olduğu gündür.
Metbuat.az-ın məlumatına görə, Qarabağ müharibəsi şəhidi Qorxmaz Abış oğlu Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1984-cü ildə məktəbi bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olub. Hazırda 127 saylı texniki peşə məktəb Qorxmaz Eyvazovun adını daşıyır.
1985-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətini Ukraynada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçib. Hərbi xidmət zamanı 6 aylıq serjant kursunu bitirib. O, xidmət müddətində dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə yanaşı birinci dərəcəli idmançı vəsiqəsi alıb və döş nişanı ilə təltif edilib. Qorxmaz 1987-ci ildə Hərbi xidmətini başa vurub doğma yurda dönüb.
O, 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulub, 1991-ci ildə isə Laçın rayon polis şöbəsinə qəbul edilib. Qorxmaz Eyvazovun döyüş yolu öz doğma yurdundan Güləbird, Qazdərəsi, Suarası, Mazutlu kəndələrindən başlayıb. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilib.
4 avqust 1992-ci ildə erməni quldurları yenidən Qızartı dağını ələ keçirmək üçün hücuma keçirlər və Qorxmaz qolundan güllə yarası alır.O,qolunun fəaliyyətinin itirilməsinə baxmayaraq bir neçə ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılıb. Füzuli rayonuərazisində gedən döyüşlərdə Qorxmaz böyük şücaət göstərib. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər və Daxi İşlər Nazirliyi tərəfindən mükafatlandırılıb.
Horadizin işğaldan azad edilməsi zamanı, Ulu öndər Heydər Əliyevin cəbhə səfəri zamanı, Qorxmaz 1 erməni tankını 2 erməni ilə birlikdə əsir götürərək qənimət kimi gətirib. Qorxmaz Eyvazov Ulu öndər Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılıb. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonu Cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşdə o, düşmənin xeyli canlı qüvvəsini məhv edib, lakin bu döyüşdə özü də həlak olub. O, Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn edilib. Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli, 262 saylı fərmanı iləQorxmaz Abış oğlu Eyvazova ölümündən sonra ən ali mükafat olan Azərbaycanın Milli Qəhrəmanı adı verilib.