“Onların bu formada Azərbaycana qarşı iş aparması artıq mümkünsüzdür” – Rufiz Qonaqov

Dünyanın bir çox ölkələrində qarışıqlıq, qeyri-sabitlik, müharibə, qarşıdurmalar baş verir. Bu xüsusilə də Şərq ölkələrinə aiddir. Bu qarşıdurmaların, gərginliyin səbəbi çox zaman kənardan müdaxilələrin nəticəsində baş verir. Bəzi Qərb təşkilatları öz maliyyə yardımlarından istifadə edərək bu gərginliklərin daha da artmasına rəvac verir. Maraqlıdır, nəyə görə bu cür donor təşkilatları, qurumlar çox zaman ölkələrdəki müxalif QHT və media qurumlarına maliyyə yardımı ayırır?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun sözlərinə görə, hazırda ölkəmizin daxilində bu kimi hallara demək olar ki, çox təsadüfi halda rast gəlinir: “Əvvəllər belə hallar var idi. Bilirsiniz ki, Azərbaycan qanunvericiliyində bununla bağlı müvafiq dəyişiklik edildi. Həmin dəyişikliklərə əsasən, hər bir qurumun artıq maliyyə hesabatlılığı var, istər QHT olsun, istər media qurumu olsun. Bu hesabatlılıqdan sonra artıq şəffaf formada bu təşkilatların və mətbuat qurumlarının fəaliyyətinə bir növ qanun tərəfindən nəzarət olunmağa başladı. Yəni bu onunla bağlı idi ki, əgər yaxın zamanlara qədər həmin QHT-lər və yaxud xaricdən maliyyələşən mətbuat qurumları xaricdən aldıqları məvacibi heç bir yerdə göstərmirdilərsə və bunun heç bir hesabatı aparılmırdısa, indi bu mümkün deyil. Ona görə də ölkə daxilində hazırda kiminsə bu formada maliyyələşməsi və Azərbaycana qarşı iş aparması mümkünsüz vəziyyətdədir”.

Politoloqun sözlərinə görə, amma Azərbaycana qarşı hər hansı müxtəlif hərəkətlə ölkəmizdən gedib mühacirətdə olanlar və orada öz ölkəsinə qarşı siyasi mübarizəyə qoşulanlar müxtəlif formalarda gizli yollarla bəzi Qərb təşkilatlarından maliyyələşirlər: “İndi burada söhbət ondan gedir ki, bu təşkilatların məqsədi nədir? Qərbin bəzi qurumlarının məhz bu kimi qurumları maliyyələşdirməsinin əsas məqsədi ikili standartlardır. Ikili standartlar dedikdə o nəzərdə tutulur ki, həmin pulu alan o şəxslər demək olar ki, həmin ölkələrin kəşfiyyat orqanları ilə birləşib ölkəsinə qarşı iş aparırlar. Yəni Azərbaycanı gözü götürməyən, əsasən də ermənipərəst dairələrin himayəsilə, vəsaiti ilə maliyyələşən Qərb təşkilatlarından söhbət gedir. Yalnız onların Azərbaycandakı bu inkişafı gözləri götürmür, qısqanclıqla qarşılayırlar. Eyni zamanda istəmirlər ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi dünyada söz sahibinə çevrilsin. Həm də aydındır ki, biz Ermənistanla müharibə vəziyyətindəyik və erməni lobbisinin də bu məsələlərdə rolu var. Məhz onlar gedib düşürlər onların təsiri altında, maliyyə alırlar. Sonra isə o təsirlərdən çıxa bilmirlər. Əsas səbəblər bundan ibarətdir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Düşünürəm ki, yenə prezident cənab Putin olacaq” – Arzu Nağıyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı