"Çox pis hisslər keçirirəm. Matçdan sonra komandama dedim ki, bunun öhdəsindən gəlməliyik".
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuka məxsusdu.
Azərbaycan Premyer Liqasının XVIII turunda "Neftçi"ni qəbul edən "qırmızı-qaralar" meydanı məğlub (1:2) tərk ediblər.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis məyusluğunu dilə gətirib: "Bu gün ilk qolu rəqibə özümüz hədiyyə etdik. Ömrüm boyu belə oyun keçirdiyim yadıma gəlmir. İtkilərimiz var idi. Bu gün isə qırmızı vərəqə aldıq, Ruslan Qurbanov zədələndi. Bəlkə də, onun ayağında sınıq var. Ancaq bunları bəhanə etmək istəmirəm. Stadiona çoxlu azarkeş gəlmişdi. Futbol ab-havası var idi. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik.
- Vitali Vernidub ardıcıl ikinci oyundu səhv edir. Keçən görüşdə öz qapısına qol vurdu, bu gün isə onun səhvindən sonra qol buraxdınız...
- Vitali ilə heç nə baş vermir. Ötən oyundan sonra onunla söhbətləşdik. Hətta zarafatla ona dedim ki, necə ola bilər ki, müdafiəçi olasan, ancaq öz qapına qol vurmayasan? Bu oyunda şans verməsəydim, elə fikirləşərdi ki, məhz bu epizoda görə onu meydana buraxmadım. Bu gün isə şans verdim, yenə səhv etdi. Ancaq bu gün oynamasaydı, deyə bilmərəm ki, fərqli nəsə olardı.
- Bu gün sanki komanda mübarizə aparmırdı...
- Bununla razılaşmıram. Deməzdim ki, mübarizə aparmadıq. Sadəcə, oyun alınmadı.
- Komandanın zəif oyun sərgiləməsini indidən kubok barədə düşünməsi ilə əlaqələndirmək olar?
- Necə yəni? Demək istəyirsiz ki, biz çempionat barədə düşünmürük? Çempionatdan əlimizi üzməmişik. Təkcə kubok barədə düşünmürük. Hər iki yarışa ciddi yanaşırıq.
- Keçən turda "Səbail"ə, bu gün isə "Neftçi"yə uduzduz. Demək olar ki, komanda turnir cədvəlində aşağı pillələrdə olan rəqiblərlə matça köklənə bilmir?
- Yox, belə deməzdim. "Səbail"lə matç tam fərqlidi. Bu gün bizim üçün çox uğursuz oyun oldu. Ötən görüşdə pis oynamamışdıq. Buna baxmayaraq, məğlub olduq. Ötən mövsümdə də yaxşı oynayıb, uduzduğumuz oyunlar olmuşdu.
Milli.Az