Gözəl nitq qabiliyyəti - ömürlük hörmət

Danışmağı bacaran hər kəs dili bilir. Amma bir dildə fikri səthi izah edə bilmək hələ o dili bilmək anlamına gəlməz.

Neçə illərdir bu sahəni araşdırıram və tədris edirəm. Təcrübə göstərdi ki, Azərbaycan vətəndaşının ən ciddi problemlərindən biri onun nitqidir. Ən təəssüfverici məqam da budur ki, nəninki sıravi vətəndaşlar, hətta bəzi yüksək, məsul vəzifələri icra edən şəxslər, aparıcılar da həqiqi danışmaq sənətindən o qədər də məlumatlı deyillər.

Çox uzağa getməyək, qardaş Türkiyədə hətta ali təhsili belə olmayan bir çox insan özünü necə gözəl ifadə edir! Fikirlərini necə səlis səsləndirirlər! Təkcə informasiya proqramlarına baxmaq kifayətdir ki, hansısa məsələ ilə bağlı keçirilən sorğularda sıravi vətəndaşın nitq qabiliyyətinə heyrət edək. Gözəl danışıq qabiliyyəti onlara hələ uşaq yaşlarından aşılanır. Amma bizdə vətəndaşa adicə “Bakı necə şəhərdir?” sualını versək, ya “Yaxşı”, “Qəşəng”, “Maraqlı” kimi bir kəlməlik cavab verəcək, ya da iki-üç cümlə qurub dəfələrlə “aaaa”, “ıııııı” kimi heç bir məna kəsb etməyən səslər çıxaracaq, bir sözü bir-neçə dəfə təkrar edəcək və dinləyəni bezdirəcək.

Nitq mədəniyyətini öyrənmək üçün mütəxəssisə müraciət edənlər əvvəllər sahib olduqları nitq qüsurlarını yada salıb düşünür:indiyə kimi o şəkildə necə danışmışam? Qulağı cırmaqlayan nazik və ya qalın, xırıltılı səslər, danışan adam haqqında dərhal mənfi təəssürat yaradan ləhcə, dinləyəni diksindirən “ç” və “c” səsləri, danışarkən söz tapa bilməyib fikri dolaşıq ifadə etmək...Saydıqca bitmir...

Yaşadıqca, müşahidə edib nəticə çıxardıqca belə qənaətə gəldim ki, nitq qabi- liyyəti insanaqida, hava və su, yuxu kimi vacib həyati vasitədir. Münasibətlərimiz əladırsa, bunun səbəbkarı özümüzük. Qabiliyyətli olduğumuz halda heç yerdə qərar tutub qala bilmiriksə, insanlarla dil tapıb sevilən insan olmağı bacarmırıqsa, yenə də günahkar özümüzük.

Baxın, zorakılığın, bəzən cinayətlərin çoxu nəyin üstündə baş verir? Nalayiq söz, yersiz söhbət, şit zarafat, dinləmə mədəniyyətinin olmaması səbəbindən baş verən yanlış anlaşılma...

Yaxşı münasibətlər qurmaq uğur və qazanc deməkdir. Gözəl nitq qabiliyyətinə yiyələnmək ömürlük hörmət və mənəvi sərvət deməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Media Savadlılığı