Artıq 20 ilə yaxındır ki, kütləvi informasiya vasitələrində müxtəlif ekspertlər, həmçinin rəsmi və ya qeyri-rəsmi şəxslər tərəfindən ölkədə 500 000-ə (beş yüz minə) yaxın özbaşına tikilinin olduğu səsləndirilir. Maraqlıdır ki, həm də bu rəqəm uzun müddətdir ki, dəyişməz olaraq qalmaqdadır. Bu maraqlı məqamı araşdırarkən həmin rəqəmin mənbəyinin haradan olduğunu müəyyənləşdirmək mümkün olmadı. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumları tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka hüquqmüəyyənedici sənədlərlə müraciət edən şəxslərin əmlakları dövlət reyestrində qeydiyyata alınır. Özbaşına tikililərin sistematik uçotunun aparılması isə bu qurumun səlahiyyətlərinə aid deyildir.
Bununla yanaşı ölkədə müxtəlif vaxtlarda bu sahədə müxtəlif beynəlxalq qurumlar tərəfindən tədqiqatlar aparılmışdır. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən 2009-cu ildə ölkədə aparılmış tədqiqatlar və onun nəticəsi olaraq 2010-cu ildə Nyu-York və Cenevrədə dərc edilmiş "Azərbaycanda mənzil setoruna milli baxış" adlı hesabatda bu rəqəmin 800 000 (səkkiz yüz min) civarında olduğu bildirilir. Ötən dövrlər ərzində də bu tendensiyanın davam etdiyini nəzərə alsaq, hazırda ölkədə özbaşına tikililərin 1000000 (bir milyon) həddində olduğu qənaətinə gəlmək olar.
Belə hallara BMT-nin Avropa İqtisadi Komissiyasının əhatə etdiyi 56 ölkənin demək olar ki, hamısında az və ya çox şəkildə rast gəlinir və onların kompakt yerləşdiyi ərazilər "skvatter məhəllələr" adlanır. Skvatter məhəllələr - torpaqların zəbt edilərək əl altında olan istənilən vəsaitələrdən istifadə etməklə qısa müddət ərzində daldanacaqlar kimi quraşdırılan tiklilərdən ibarət olur və onlar müxtəlif ölkələrdə "şanxaylar", truşobalar", "roman" (qaraçı) tikililəri, "baraklar", favellər", "gecəkondular", "çabollar", "yeni tikililər" və s. kimi adlandırılır.

Mülki Məcəllənin 180.1. maddəsinə görə - Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Azərbaycandakı böyük miqdarda tikililərin faktiki olaraq qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq "özbaşına" tikilmiş hesab edilməsinə baxmayaraq, əslində onların əksər hallarda tam olaraq "özbaşına" tikildiyini demək sadəlövhlük olardı. Belə ki, ölkədə belə tikililərə qeyri-formal nəzarət mexanizmi çox işlək şəkildədir və hamıya yaxşı məlumdur ki, Azərbaycanda icazəsiz olaraq daşı daş üstə qoymaq mümkün deyil. Belə tikililərin əksəriyyəti tikintiyə nəzarət edən aidiyyəti yerli icra qurumlarındakı müvafiq şəxslərlə şifahi şəkildə razılaşdırılır. Ona görə də həmin tikililərin beynəlxalq praktikada olduğu kimi "qeyri-formal tikililər" adlandırılması daha məntiqli olardı.
Beynəlxalq ekspertlərin dünyanın bir sıra ölkələrində apardıqları araşdırmalar göstərir ki, özbaşına tikinti məskənlərinin yaranmasının səbəbləri əsasən bir sıra məcburiyyətlər sayəsində əmələ gəlir.

Bunların sırasına:

- yoxsulluq və yeni iş yerlərinin axtarışı;
- müharibələr, etnik konfliktlər və təbii fəlakətlər ucbatından insanların təhlükəsiz və daha münbit şəraitlə təmin olunmaq istəkləri;
- torpaq resurslarından səmərəli istifadəyə dövlət qurumları tərəfindən münbit şəraitin yaradılmaması və s;
Azərbaycanda yaranmış özbaşına tikililərin yaxın keçmişinə nəzər salsaq görərik ki, təxminən son bir əsrə yaxın dövr ərzində ölkədə ən azından 3 dəfə "özbaşına tikinti bumu" olmuşdur. Bunlardan:
- birincisi, keçən əsrin əvvəllərində neftin sənaye üsulu ilə çıxarılmasından sonra Bakıda iri sənaye obyektlərini yaranması nəticəsində kənd əhalisinin qazanc dalınca şəhərə axını və sənaye obyektlərinə yaxın ərazilərdəki torpaqları zəbt etməklə məskunlaşması;
- ikincisi, keçən əsrin 30-cu illərində kolxozların yaranması ilə əlaqədar, kənd təsərrüfatı işlərində traktorların, müxtəlif maşın və mexanizmlərin tətbiqi ilə əlaqədar əl əməyindən istifadənin səmərəli olmadığı ucbatından kənd əhalisinin şəhərlərə iş axtarmaqla bağlı axını;
- üçüncüsü, Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ konflikti nəticəsində öz yurd-yuvalarını itirmiş qaçqın və məcburi köçkünlərin Azərbaycanın müxtəlif regionlarına, xüsusilə də Bakı şəhərinə pənah gətirməsi və bu zaman ölkənin müxtəlif regionlarındakı bəzi imkanlı insanların da onlara qoşularaq torpaqları zəbt edərək kütləvi şəkildə sənədsiz tikililərin inşa edilməsi.
İnsanların şəhərlərə axını zamanı bir qayda olaraq şəhərin perimetri boyu yaranan qeyri-formal yaşayış məskənlərində əksər hallarda kommunal xidmət obyektlərinə (işıq, su qaz və s.) icazəsiz qoşulmalar kütləvi xarakter alır, yerli kanalizasiya quyularından kütləvi istifadə halları torpaq sürüşmələrinə münbit şərait yaradır, zibillərin daşınması qənatbəxş təşkil edilmədiyindən, məntəqədə antisanitariya şəraiti yaranır, yolların vəziyyəti bərbad halda olur və s. Bir sözlə burada yaşayan insanların normal həyat şəraiti olmadığından, həmçinin onlar mülkiyyət hüquqlarından istifadə edə bilmədiyindən, eləcə də təhsil, səhiyyə və digər hüquqlarından yetərincə yararlana bilmədiklərindən özlərini aşağı təbəqəli insan kimi hiss edirlər.
Dünyanın bir çox ölkələrində daxili sosial-iqtisadi səbəblərdən və ya yaranmış konfliktlərdən qeyri-formal yaşayış məskənlərinin geniş vüsət aldığı regionlara da rast gəlinir. Belə ki, Tirana və Belqradda tikintialtı sahələrin 40%-i qeyri-formal tikililərin yerləşdiyi sahələrdir, Bişkek şəhərinin əhalisi regionlardan miqrasiya nəticəsində 1990-2008-ci illərdə 620 mindən 842 minə yüksələrək Bişkek ətrafındakı kənd təsərrüfatı təyinatlı torpaqlarda özbaşına tikilən "yeni tikililər"dən ibarət 27 yeni rayon yaratmışlar, Yunanıstanda tikililərinin 25%-i müvafiq sənədlər olmadan inşa edilmişdir. BMT-nin AİK-nın 2009-cu il hesabatında İstanbul şəhərinin əhalisinin 70%-nin gecekondularda yaşadığı bildirilir və s.

Özbaşına tikililərlə bağlı yaranmış vəziyyət ölkə rəhbərliyinin də diqqət mərkəzindədir. Belə ki, 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə Prezident İlham Əliyev mövqeyini konkret və qəti ifadə etmişdir: Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz problemlərin qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər".
Qeyd olunan problemlərin aradan qaldırılması üçün sonradan dövlət səviyyəsində geniş tərkibli dövlət komissiyası yaradılaraq mühafizə zonalarında inşa edilmiş tikili və qurgulara dair müvafiq geniş miqyaslı tədbirlər işlənib həyata keçirildi.

Görülən işlərin daha da inkişaf etdirilməsi üçün müvafiq Dövlət Proqramları hazırlayıb mühafizə zonalarından kənarda inşa edilmiş özbaşına tikili və qurğular barədə aidiyyəti qurumların yaxından iştirakı ilə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Aşağıda beynəlxalq praktikada qeyd edilən problemlərin həllinə dair əsas istiqamətləri təqdim edirik:
- Qeyri-qanuni tikililərin nizama salınması ilə bağlı "Qanunsuz Tikililər üzrə Dəstək Siyasəti"nin işlənib hazırlanması və onun həyata keçirilməsinə nail olunması məqsədilə hökumət, mülki cəmiyyət və özəl sektoru təmsil edən "Dəstək Məsləhət Şurası" və bu siyasətin monitorinqini aparan və cərimələr tətbiq edə bilən uzun müddətli "Baş Şura" yaradılır və onlara həvalə edilən işləri sivil qaydada həyata keçirə biləcək dərəcədə səlahiyyətlər verilir. Tailandda fəaliyyət göstərən belə bir yarı dövlət qurumunun təcrübəsindən istifadə etmək məqsədəuyğun olardı.

- Konkret bir vaxta olan vəziyyətə görə aerofotolardan istifadə edilir və yerində araşdırmalar aparmaqla qeyri-qanuni tikililərin kompakt yerləşdiyi massivlərin sərhədləri müəyyənləşdirilir və qırmızı xətlə haşiyələnir.
- Qeyri-qanuni tikililərin inventarizasiyası aparılır.
- Inventarizasiyanın nəticəsində əldə olunan materiallar analiz edilir, problem və xüsusiyyətlərinə görə qruplaşdırılaraq tiplərə bölünür, növbəti müvafiq addımların atılması üçün təkliflər paketi hazırlanır.
- Şəhərin yenilənməsi və insanlara sağlam həyat şəraitinin yaradılması prinsipləri əsas götürülməklə müvafiq proqramlar hazırlanır, proqram çərçivəsində hər bir konkret hala uyğun olaraq qanuniləşdirmə-abadlaşdırma və ya sökülmə-köçürülmə və inkişaf barədə qərarlar qəbul edilir, onların həyata keçirilməsi yolları müəyyənləşdirilir, qanuniləşdirilmiş tikililərin müvafiq vergilərə cəlb edilməsi üçün tədbirlər görülür.
- Daşınmaz əmlakın idarə edilməsinin təkmilləşdirilməsi, siyasi və inzibati islahatlara dəstək verilməsi üçün təkliflər paketi hazırlanır, yeni qeyri-qanuni tikililərin qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir, əlaqədar qurumların bu işlərə dəstək verməsi üçün müvafiq işlər görülür.

Milli.Az