Azərbaycan və Bəhreyn XİN arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Bəhreyn XİN arasında siyasi məsləhətləşmələr keçirilib
18:47 10 Aprel 2018
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Bəhreyn Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan XİN-dən Milli.Az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bəhreyn tərəfindən isə xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Əl Xəlifə rəhbərlik edib.

Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb.

X.Xələfov Bəhreyn nümayəndə heyətini salamlayaraq Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlər, son illərdə ölkədə həyata keçirilmiş iqtisadi islahatlar, eyni zamanda, ölkəmizin neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr barədə həmkarına məlumat verib. X.Xələfov Azərbaycanın Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edərək Azərbaycanın Bəhreyn ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Nazir müavini iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd edib.

Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barədə danışan X.Xələfov Azərbaycan ilə Bəhreyn arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, neft-qaz, sənaye, turizm, bank sektoru, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb.

Görüş əsnasında X.Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutlarının Bəhreyn şirkətləri üçün də əlverişli imkanlar yarada biləcəyini nəzərə çatdırıb.

Şeyx Abdullah bin Əhməd Əl Xəlifə ətraflı məlumata görə dərin minnətdarlığını bildirib və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.

Bəhreyn xarici işlər nazirinin müavini ölkəsinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirərək Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə və ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Bu xüsusda, ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində bir çox böyük tədbirlərə ev sahibliyi etdiyinin təqdirəlayiq hal olduğunu ifadə edib.

Qonaq birbaşa hava əlaqəsinin mövcudluğunun, eləcə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Manama hava limanında viza əldə etmələrinin Azərbaycan və Bəhreyn arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin bariz nümunəsi olduğunu nəzərə çatdırıb. Şeyx Abdullah bin Əhməd Bəhreynin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın suverenliyinə hörmət və ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini və bu mövqeyin sabit və dəyişilməz olduğunu vurğulayıb.

X.Xələfov regionda sülh və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkisafina başlıca əngəl olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə Bəhreynin Azərbaycanın ədalətli mövqeyinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. O, münaqişənin həllinin yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə mümkün olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılması və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/640978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR