Qırğız deputat: "Azərbaycanda keçirilən prezident seçkiləri iştirak etdiyim ən parlaq seçkilərdir"

Qırğız deputat: "Azərbaycanda keçirilən prezident seçkiləri iştirak etdiyim ən parlaq seçkilərdir"
18:47 11 Aprel 2018
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda keçirilən prezident seçkiləri müşahidəçi qismində iştirak etdiyim ən parlaq seçkilərdir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Qırğızıstan nümayəndə heyətinin üzvü Taalaybek Masabirov deyib.

T.Masabirovun sözlərinə görə, onu ən çox bayram əhval-ruhiyyəsi heyran edir:

"Bu mühit olduğumuz bütün məntəqələrdə müşahidə edilir".

T.Masabirov qeyd edib ki, insanların məmnunluqla səs verməsi sevindirici haldır:

"Heç bir pozuntu müşahidə olunmayıb. Məntəqələrdə yüksək fəallıq qeydə alınır, bəzilərində hətta növbələr də müşahidə olunub".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR