“Müflisləşmə və iflas haqqında” qanuna dəyişikliklər təklif edilir

Azərbaycanda borclunun (müflis olmuş sahibkarlıq fəaliyyəti subyekti və ya təsərrüfat subyekti) ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədi ilə yeni layihə hazırlanıb.

Metbuat.az-ın trend-ə istinadən verdiyi xəbərə görə, bununla bağlı “Müflisləşmə və iflas haqqında” qanuna dəyişikliklər təklif edilir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan dəyişikliklərə əsasən, dəyəri borclunun aktivlərinin 5% və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və bu qanunun 48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və bu qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir.

Dəyəri borclunun aktivlərinin 5%-indən az hissəsini təşkil edən aktivlərinin satılması əmlak inzibatçısı tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif edilə bilər.

Qeyd edək ki, hazırda mövcud olan qanunvericilikdə faiz qeyd olunmayıb. Ümumilikdə borclunun əsas vəsaitlərinin satılması kimi qeyd olunub.

Digər dəyişikliyə əsasən, borclunun iflas prosesinə başlanması məqamından əvvəlki 6 ay ərzində bir kreditoru digər kreditorlara münasibətdə ödənişlərin növbəliliyində üstün vəziyyətə gətirəcək əqdlər bağlandıqda əmlak inzibatçısı borclunun bağladığı əqdlərin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edə biləcək.

Mövcud qanunvericiliyə əsasən isə hüquqların verilməsi və ya girov hüququnun yaradılması bu qanunun 2-ci maddəsində göstərilmiş iflas prosesinə başlanılması məqamından əvvəlki 90 gün ərzində həyata keçirildikdə borclu məhkəməyə müraciət edə bilir.

Həmçinin qanun layihəsi sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizənin məzmununa dair tələbləri və ərizəyə əlavə olunan sənədlərin dairəsini müəyyən edir, o cümlədən borclunun sağlamlaşdırılmasının sağlamlaşdırma planı əsasında həyata keçirilməsini və bu planın tərtibi, hazırlanması, təsdiqi və sağlamlaşdırma prosesinə başlanılmasının yaratdığı hüquqi nəticələri təsbit edir.

Ermənistanda soyuq MÜHARİBƏ BAŞLADI - Rusiya Ermənistanı İTİRƏCƏK - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR