Məktəbdə uşaqları niyə döyürlər?

Məktəbdə uşaqları niyə döyürlər?
08:32 12 Yanvar 2015
238 Sosial
Ölkə mətbuatı
A- A+

Qədim Yunanıstanda məktəblərdə şagirdləri şiş uclu, "stimul" adlı taxta ilə bizləyərdilər ki, yaxşı oxusunlar. Qədim Spartada məktəblərdə uşaqların döyülməsi nəinki adi, hətta gərəkli sayılardı. İndisə Yaponiya, Koreya və ya Tayvandda məktəblərdə müəllimin uşağın qulağnı çəkməsi rutin məsələdir. Amma yaponlar, koreyalılar etiraf edirlər ki, bu tədris metodu yanlışdır: qulağı çəkilən və ya vurulan uşaq böyüyəndə yalançı, məkrli, hiyləgər və qəddar olur. Avropa bunu əsrlər əvvəl anlayıb və dərk etdiyi üçün də Qərb ölkələrində, sivil dövlətlərdə müəllimlərin uşağa əl qaldırması cinayət sayılır. Azərbaycanda isə vəziyyət birmənalı deyil. Qanunlar uşaqların məktəblərdə, dərs zamanı aşağılanmasını, vurulmasını qəti qadağan etsə də, qulağı çəkilən, vurulan uşaqların sayı az deyil.

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü Milli.Az-a açıqlamasında bildirdi ki, müəllim şagirdi adətən dərs müddətində tədrisə mane olanda, müəlimə öz yaşına uyğun olmayan formada cavab qaytardıqda cəzalandırır. Lakin müəlim şagirdlərlə münasibəti elə qurmalıdır ki, şagird tərəfindən tədrisi pozacaq hallar baş verməsin. Ekspertin sözlərinə görə, dərs müddətində şagirdin müəllimə tabe olmasından söhbət gedə bilməz. Tabeçilik avtoritar müəllimlərə xas xüsusiyyətdir. Hazırda məktəblərimizdə müəllim-şagird münasibətlərinin çatışmadığı müşahidə olunur. Müəllim şagirddən yaşca böyükdür və onlar arasında humanist davranış olmalıdır.

M.Mürşüdlü hesab edir ki, müəllim şagirdə obyekt deyil, subyekt kimi baxmalıdır: “Şagird fikir də söyləyə, irad da bildirə, müəllimlə diskussiyaya da girə bilər. Müəlim şagirdə elə münasibət göstərməlidir ki, şagird özünü subyekt kimi hiss etsin. Zaman dəyişib, amma müəllimlərimiz dəyişmək istəmir. Şagirdə obyekt və ya əşya kimi baxa bilmərik, bu zamanın tələbidir. Müəllim nə qədər ki şagirdə obyekt kimi baxacaq, münasibətlər də o qədər pozulacaq”.

Təhsil ekspertinin fikrincə, şagird müəllim tərəfindən döyülürsə, bu, böyüyəndə onun yaddaşında hansısa iz buraxacaq: “Şagirdlər var ki, müəllim onu məktəbdə yaşıdlarının qarşısında alçaldıb, bunları unutmur və aqressiv böyüyürlər. Şagirdin vurulması onların mənliyinin alçaldılması yaddaşında qalır. Müəllim şagirdlə münasibətdə humanistlik sərgiləməlidir. Uşaqla nə qədər mülayim olacaqsansa, şagird də eyni davranışı sərgiləyəcək. Məktəblərimizdə ən çatışmayan cəhət şagird-müəllim münasibətləridir. Müəlimlər hələ də sovetlərdən qalan münasibəti bəsləməkdə davam edirlər”.

Sonda qeyd edək ki, şagirdin müəllimə qarşı hörmətsizliyi, tabe olmaması dərsi apara bilməməsi müəllimin savadsızlığından, ünsiyyət qurmaq bacarığının olmamasından, şəxsi ambisiyalarından irəli gələ bilər.

Anar Məmmədov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR