Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamının qətlində təqsirləndirilən 27 yaşlı Tural Əlizadə və onun atası 58 yaşlı Zakir Əlizadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Milli.Az-ın virtualaz.org-a istinadən xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Əvvəllər üç dəfə məhkumluq həyatı yaşayan Z.Əlizadə sonuncu dəfə adam öldürdüyünə görə 9 il cəza alıb.

Xuliqanlıqda və qətldə ittiham olunan Z.Əlizadə həbsinin səbəbini bilmədiyini deyib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məhkəmə önünə daha bir nəfər - 42 yaşlı Babək Quliyev çıxarılıb. Xuliqanlıqda ittiham olunan B.Quliyev barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, qətl hadisəsi Abşeron rayonunu Qobu qəsəbəsində baş verib. 43 yaşlı Rövşən Abbasovu odlu silahla qətlə yetirən Tural Əlizadə istintaqa verdiyi ilkin mərhumla əvvəllər ədavəti olduğunu deyib. Onlar münasibətlərə aydınlıq gətirmək məqsədilə kafedə görüşüblər. Kafedən çıxdıqdan sonra yenidən aralarında mübahisə yaranıb. T.Əlizadə əvvəlcə "Vinçester" markalı odlu silahdan havaya, sonra isə R.Abbasovun ayaq nahiyyəsinə atəş açıb. Üçüncü gülləni isə R.Abbasovun ürəyinə vurub.

Qətlin iştirakçı kimi Tural Əlizadənin atası Zakir Əlizadə də həbs edilib.

Milli.Az