Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilən erməni hərbi birləşmələri hazır vəziyyətə gətirilib. Nikol Paşinyan baş nazir postuna namizədliyin irəli sürülməsi üçün parlamentin deputatlarının üçdə birinin imzasını toplayıb. Moskva Ukraynanın faktiki olaraq müstəqillik və iqtisadiyyatından məhrum olduğunu bəyan edib. İran nüvə sazişi barəsində bir daha heç bir müzakirə masasına əyləşməyəcəyini bəyan edib.

“Dağlıq Qarabağ münaqişəsində vəziyyət artıq dəyişdi. Hətta Ermənistanın baş naziri Paşinyan yox, bir başqası olsa belə, bundan sonra yeni hökumət üçün güzəştə getmək daha çətindir. Bu isə münaqişə zonasında müharibə riskini artırır”. Bu barədə erməni politoloq Riçard Kirakosyan deyib.

Erməni politoloq bundan sonra münaqişədə Ermənistanın vəziyyətinin daha çətin olacağını qeyd edib.

“Azərbaycanın əraziləri qaytarmaq üçün hərbi varianta əl atması ehtimalı güclənir. Birincisi, güzəştlər olmayacaqsa, Azərbaycan məsələnin uzanmasına imkan verməyəcək. İkincisi, Ermənistanda qeyri-stabil vəziyyət Bakının əlini gücləndirir. Üçüncüsü, “aprel müharibəsi”ndən iki il keçməsinə baxmayaraq, münaqişənin danışıqlar yolu ilə həllində irəliləyişlər yoxdur. Bu üç faktor Azərbaycanın hərəkətə keçməsinə zəmin yaradır”, - deyə o bildirib.

R.Kirakosyan iddia edib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma DQR-in “prezidenti” Bako Saakyan gizli şəkildə İrəvana səfər edib: “Bu səfər təmas xəttində toqquşmaların başlanması ilə bağlıdır. Biz baş verənləri görmürük, amma nələrəsə hazırlıq getdiyi məlumdur”.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilən erməni hərbi birləşmələri hazır vəziyyətə gətirilib. İşğal olunmuş torpaqlarda yaradılan qondarma DQR-in “prezidenti” Bako Saakyan separatçı rejimin “müdafiə nazirliyi”ndə müşavirə keçirib.

Qarabağdakı erməni hərbi birləşmələrinin rəhbərliyi ilə görüşən Saakyan təmas xəttindəki vəziyyəti müzakirə edib və erməni ordusunun hazır vəziyyət gətirilməsi ilə bağlı göstəriş verib.

Ermənistanın müxalifət hərəkatının lideri Nikol Paşinyan baş nazir postuna namizədliyin irəli sürülməsi üçün parlamentin deputatlarının üçdə birinin imzasını toplayıb. Bu haqda “Yelk” (“Çıxış”) parlament fraksiyasından deputat Ararat Mirzoyan jurnalistlərə bildirib.

“Biz parlamentin deputatlarının üçdə birinin imzalarını yığa bildik. Paşinyan ya bu gün, ya da sabah namizədliyini rəsmən irəli sürəcək”, - Mirzoyan qeyd edib.

“Çarukyan” fraksiyasının nümayəndəsi, deputat Naira Zoqrabyan jurnalistlərə bildirib ki, fraksiyasının 31 deputatından 27-si artıq sənədi imzalayıb. Paşinyanın namizədliyini həmçinin “Daşnaksütyun” fraksiyası da dəstəkləyib.

Əgər növbədənkənar parlament seçkiləri olmayacaqsa, mövcud vəziyyət tam həll edilməyəcək”. Bu barədə Ermənistan baş nazirliyinə namizəd Nikol Paşinyan deyib.

Paşinyan qeyd edib ki, Respublika Partiyası onun namizədliyinə səs verəcəksə, o, növbədənkənar seçkilərin keçirilməsini reallaşdıracaq: “Növbədənkənar seçkilərin keçirilməsi üçün konstitusiya mexanizmləri var və biz bundan istifadə edirik”.

Paşinyan ümid edir ki, Respublika Partiyası mayın 8-də keçiriləcək seçkilərdə 1 maydakı mövqeyini sərgiləməyəcək.

“Biz hadisələrin istənilən inkişafına hazırıq. Bizim hədəfimiz Ermənistanda ümummilli birlik atmosferinin qurulmasıdır. Bu məsələnin həlli üçün bütün ilkin şərtlər var”, - deyə o bildirib.

Paşinyan mayın 8-də böyük mitinq keçirəcəklərini də qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterriş İranla nüvə razılaşmasından imtina etməməyə çağırıb. O, bu haqda BBC-yə müsahibəsində bildirib.

“Nüvə proqramı üzrə razılaşmadan imtina etməyi düzgün hesab etmirəm. Hələ ki bizdə onun münasib alternativi yoxdur”, - baş katib deyib.

Quterrişin sözlərinə görə, İranla razılaşma əhəmiyyətli diplomatik qələbədir və onu saxlamaq lazımdır.

Qeyd edək ki, aprelin 30-da İsrailin baş naziri Benyamin Netanyahu İsrail kəşfiyyatının İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə etdiyini açıqlayıb. Hökumət başçısı deyib ki, İsrailin sərəncamına 100 min sənəd düşüb. Onun sözlərinə görə, sənədlər İranın “Amad layihəsi” kod adı altında nüvə proqramına dair məxfi hərbi plana malik olduğunu göstərir.

Müharibəyə GİZLİ HAZIRLIQ, Bakı QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

BMT-dən SOS: “Onun alternativi yoxdur” – 9 GÜN QALDI