“Heydər Əliyev görkəmli dövlət xadimi, əsl vətənpərvər və vətənin sədaqətli oğludur”.

Bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılış iştirkaçılarına göndərdiyi müraciətdə yer alıb. Müraciəti Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.

Putin müraciətdə qeyd edib ki, Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, böyük təşkilatçılıq qabiliyyəti, ən mürəkkəb məsələlərin mahiyyətinə diqqət yetirmək qabiliyyəti ona ölkədə və ölkənin sərhədləri xaricində böyük nüfuz qazandırıb.

“Mürəkkəb tarixi dövrdə müstəqil Azərbaycana başçılıq edərək öz ölkəsinin əsl lideri olub, Azərbaycan cəmiyyətinin möhkəmləndirilməsi üçün çox iş görüb. Qeyd edim ki, Heydər Əliyev ölkənin inkişafı üçün Rusiya ilə konstruktiv tərəfdaşlıq, mehriban qonşuluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını əsas şərtlərdən biri hesab edirdi. Sevindirici haldır ki, Azərbaycan Respublikasının hazırki prezidenti İlham Əliyev bu kursu layiqincə davam etdirir. Bu irimiqyaslı sərgi ölkələrimizin dövlət idarələrinin nümayəndələri, tarixçilər və arxiv işçilərinin birgə səylərinin nəticəsidir”.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərginin açılışı olub. Tədbir Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti administrasiyaları və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.