İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Təntənəli mərasimdə Ordumuzun ən seçmə birlikləri və arsenala daxil olan müasir hərbi texnikalar, o cümlədən 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu.

Paradda çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycan Silahlı Qüvvələrinin inkişafı ilə bağlı mühüm məqamlara toxundu.

Prezident Ordumuzun ən müasir silahlar və texnika ilə təchiz edildiyini, o cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsulların ordumuzun potensialını gücləndirdiyini vurğuladı.

“Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır", - dövlət başçımız söylədi.

Azərbaycan Prezidenti qeyd edib ki, son illər ərzində ən müasir texnika və silahlar alınıb. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.

Hərbi paradı və Azərbaycan Prezidentinin çıxışını şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin arxasında güclü Azərbaycan dövləti dayanır.

“Ermənistanın istənilən hərbi obyektini vurmaq iqtidarındayıq” - Düşmən TƏŞVİŞ İÇİNDƏ

Ermənistan ordusu haqqında mifin darmadağın edildiyi və onların illərlə yaratdıqları müdafiə xəttinin bir neçə gün ərzində darmadağın edildiyi barədə fikirlərə diqqət çəkən millət vəkili xatırladıb ki, Azərbaycan Ordusu 2016-cı ilin aprelində ermənilərin alınmaz hesab etdikləri mühəndis-istehkam qurğularını ələ keçirdi.

Aydın Mirzəzadə qeyd edib ki, bir ay əvvəl Naxçıvan istiqamətində keçirilən uğurlu əməliyyatla Günnüt kəndi ilə birlikdə, 11 min hektara yaxın ərazi Ordumuzun nəzarəti altına keçib.

Bu gün Azərbaycan Ordusunun dövlətçiliyin keşiyində çox şərəflə dayandığını deyən millət vəkili vurğulayıb ki, Silahlı Qüvvələrimiz həm işğal edilmiş ərazilərdə, həm də Ermənistanda istənilən hərbi obyekti vurmaq iqtidarındadır. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin dünənki çıxışı və möhtəşəm parad Ermənistan və onu müdafiə edən dairələr üçün ciddi bir mesajdır.

“Azərbaycan dövlətçiliyinin inkişafı qarşısında Ermənistanın ortaya qoyacağı heç nə yoxdur. Ermənistan özünün düşdüyü ağır vəziyyəti dərk edir. Əgər indiki hakimiyyət Xocalı faciəsinin günahkarı Serj Sarkisyan rejiminin fəaliyyətini davam etdirəcəksə, onda Azərbaycanın məsələni hərbi yolla həll etməkdən başqa çıxış yolu yoxdur”.

Aydın Mirzəzadə dünənki paraddan sonra Ermənistan hakimiyyətinin təşviş içində olduğunu söyləyib.

Ömər Dağlı