Qobustanda qəsdən adam öldürməkdə təqsirləndirilən Amal Zülfüqarov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Milli.Az report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyulun 5-nə təyin edilib.
Şikayət hakim Qail Məmmədovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, ötən ilin avqustunda A.Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra A.Zülfüqarov dostu Q.Məmmədlini onun xaricdə yaşayan bacısı ilə danışmasından şübhələnib və onu öldürmək qərarına gəlib. Onlar Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman o, arxadan Q.Məmmədliyə yaxınlaşaraq onun boyun və sinə nahiyələrinə bıçaq zərbələri endirib. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə bıçağı onun əlindən almaq istəyib. Lakin A.Zülfüqarov onlara da bıçaq zərbəsi endirib. Daha sonra A.Zülfüqarov Q.Məmmədlini boğaraq öldürüb.
Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.
Elan olunmuş ittiham üzrə A.Zülfüqarov özünü qismən təqsirli bilib və xüsusi amansızlıq niyyəti ilə adam öldürdüyünü etiraf edib.
O, sərbəst ifadəsində deyib ki, öldürdüyü Q.Məmmədli ilə dost olub, son zamanlar dostu ona qarşı dəyişib.
A.Zülfüqarova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) 120.2.4-cü (xüsusi amansızlıqla) 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az