"Bu həmrəyliyin əsasında Azərbaycan Prezidentinə və onun fəaliyyətinə olan inam dayanır"
Paylaş
30 baxış·5 dəq oxu
"İyulun 3-də Mingəçevirdəki Azərbaycan istilik Elektrik Stansiyasında (İES) baş verən qəza və onun nəticələri bir növ həm də Azərbaycanda elektrik enerjisi sisteminin sınağı idi. Bu qəza nəticəsində sistemdə mümkün və mövcud olan boşluqlar üzə çıxdı".
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib - FOTO
Onun sözlərinə görə, heç bir ölkənin enerji sistemi baş verə biləcək qəzalardan tamamilə sığorta olunmayıbdır. Xüsusən, ekstremal vəziyyətdə belə halların baş verməsi mümkündür. Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı isə iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında müşavirə keçirildi və dövlət başçısı orada çox ciddi tapşırıqlar verdi: "Hadisənin baş verməsi bir sıra məsələləri üzə çıxardı. Bəlli oldu ki, Azərbaycanda dayanıqlı enerjinin bərpası ilə bağlı həyata keçirilən siyasətin biri də qonşu ölkələrlə enerji sektorunun inttqrasiya edilməsi idi. Qəzanın nəticələrinin tezliklə və qısa müddətdə aradan qaldırılması bir daha onu göstərdi ki, Azərbaycanda qonşu ölkələrlə enerji kommunikasiyaların inteqrasiya olunması vaxtında atılan strateji və uzaqgörən addim idi. Bu məsələ ilə bağlı cənab Prezident qonşu Rusiya və Gürcüstana öz təşəkkürünü bildirdi. Əlbəttə ki, cənab Prezident məsələlərin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaratdı və bu komissiya, heç şübhəsiz, yekun nəticələrlə bağlı həm Azərbaycan Respublikasının Prezidentini, həm də cəmiyyəti məlumatlandıracaqdır. Son 15 il ərzində ölkəmizdə 2500 meqavatt gücündə yeni elektrik stansiyaları tikilibdir. Hazırda Azərbaycanın enerji potensiali 6400 meqavatta bərabərdir ki, bu da çox ciddi rəqəmdir. Bu potensial, bu imkanlar nəinki istehlakçıların enerji tələbatını ödəməyə, eyni zamanda elektrik enerjinin ixracı üçün də tam şərait yaradır. Lakin çox təəssüf ki, enerji sektorunda çalışan bəzi məmurların və rəhbər şəxslərin yol verdiyi nöqsanlar sayəsində yeni yaradılan və lokal enerji mənbələrinin fəaliyyətini koordinasiya etmək mümkün olmayıbdır. Beləliklə, sadəcə bir blokda baş verən qəza bütün ölkənin elektrik təchizatına mənfi təsir göstəribdir.
Cənab Prezident müşavirədə bu məsələni də diqqətə çəkərək bildridi ki, bunun səbəbləri aydınlaşdırılımalıdır və bu vaxta qədər yol verilmiş nöqsanlar aradan qaldırılmalıdır ki, gələcəkdə bir daha Azərbaycanda bu cür qəzalar baş verməsin".
Enerji sektorunun mürəkkəb bir sektor olduğunu qeyd edək millət vəkilinin fikrincə, bu gün ayrı-ayrı enerji istehsal edən mənbələrin fəaliyyətinin koordinasiya olunması üçün yeni planların və layihələrin hazırlanması çox aktualdır: "Cənab Prezident qeyd etdi ki, Bakıda, Sumqayıtda, Şirvanda, Astarada, Xaçmazda, Şəkidə və s. rayon və bölgələrdə elektrik stansiyaları yaradılmışdır. Amma bunların fəaliyyəti arasında görünür, koordinasiya düzgün müəyyənləşdirilmədiyinə görə Mingəçevirdəki İES-ə alternativ ola biləcək və yaxud orada fəsad baş verən zaman ölkədə enerji böhranının qarşısını ala biləcək bu yardımçı təsərrüfatların istismarının düzgün təşkil olunmaması bu cür fəsadlara gətirib çıxarmışdır".
H.Babaoğlunun qənaətincə, bu hadisə fövqəladə vəziyyətdə Azərbaycan xalqının soyuqqanlı davranmağı, mürəkkəb şəraitdə cəmiyyət üzvlərinin bir-birinə dəstək verməyi bacardığını da göstərdi: "Nümayiş etdirilən bu mövqe Azərbaycan vətəndaşlarının həmrəyliyininin bir nümunəsi idi. Cənab Prezident müşavirədə Azərbaycan cəmiyyətinin bu davranışlarını yüksək qiymətləndirərək qeyd etdi ki, Azərbaycan cəmiyyəti yetkin cəmiyyətdir və baş verənləri anlayışla qarşılamağı bacarır. Doğurdan da, bu gün sözün əsl mənasında Azərbaycanda vətəndaş həmrəyliyi var. Heç şübhəsiz ki, bu həmrəyliyin əsasında da Azərbaycan Prezidentinə və onun fəaliyyətinə olan inam dayanır. Çünki Azərbaycan vətəndaşları bilir ki, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması üçün uzun illərdir ardıcıl məqsədyönlü siyasət həyata kecirilir və bu siyasət Azərbaycanda dayanıqlı enerji təchizatını təmin edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi".
Millət vəkili hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində dövlət qurumlarının operativ və əlaqəli şəkildə səmərəli addımlar atmasını da yüksək qiymətləndirib: "Azərbaycanın bütün dövlət orqanları, xüsusilə də Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər orqanları, Bakı Nəqliyyat Agentliyinin birgə və koordinasiyalı fəaliyyəti sayəsində həm ölkəmizdə birinci dərəcəli strateji obyektlərin qorunması, həm də ictimai nəqliyyatın tənzimlənməsində heç bir problem olmadı. Bu problem lokal səviyyədə qaldı və yaranmış qəzanın fəsadlari ən qısa müddətdə aradan qaldırıldı ki, bu da Azərbaycanda dövlət qurumlarının nə qədər effektiv və koordinasiyalı fəaliyyət göstərməsinin bir nümunəsidir. Bu bir növ həm də Azərbaycanda elektrik enerjisi sisteminin sınağı idi. Qəza nəticəsində mümkün və mövcud olan boşluqlar üzə çıxdı. Bunların aradan qaldırılması ilə bağlı cənab Prezident müşavirədə qeyd etdi ki, bütün strateji obyektlər mobil elektrik generatorları ilə təmin edilsin ki, gələcəkdə belə hallar baş verərsə, birinci dərəcəli strateji obyektlərin mühafizəsi daima diqqət mərkəzində saxlanılsın. Eyni zamanda ölkəmizin enerji təhcizatı sistemi xarici auditorlar tərəfindən qiymətləndirilsin, problemlər həll edilsin. Bütün bunlar sübhəsiz ki, enerji sektorumuzun sağlamlaşdırılmasına xidmət edəcək və gələcəkdə bənzər problemlərin baş verə bilmə ehtimalının qarşısını alacaq".