Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanı Heydər Əliyev hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.

Qeyd edək ki, Türkiyə prezidenti səfər çərçivəsində Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək, daha sonra geniş tərkibdə görüş nəzərdə tutulub. Görüşlərdən sonra ölkə başçılarının mətbuat konfransı gözlənilir.

Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Şimali Kipr Türkiyə Cümhuriyyətinə yola düşəcək.