ABŞ prezidenti Donald Tramp demokratların Konqresdə sərhədin qorunması barədə qanun layihəsinə səs verməyəcəkləri halda federal hökumətin fəaliyyətini dayandıracağını bəyan edib.

Metbuat.az-ın APA-ya istinadən məlumatına görə, D. Tramp bunu bu gün "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qanun layihəsi Meksika ilə sərhəddə divar tikintisini nəzərdə tutur. D. Tramp Meksikadan ABŞ-a qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün bu divarın tikilməsini vacib sayır və seçki kampaniyasında da sərhəd nəzarətini gücləndirəcəyini vəd edib. D. Tramp hesab edir ki, 12 milyona qədər qeyri-qanuni miqrant "cinayətkar"dır və onları aşkarlayaraq deportasiya etmək lazımdır. Eyni zamanda həmin miqrantları cəmiyyət və ölkənin milli təhlükəsizliyi üçün risk sayır.