"Ocag Sport" klubunun məşqçisi Elnarə Hüseynova 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində çıxış edən yetirmələrinin nəticələrindən çox xoşbəxtdir.

Milli.Az bildirir ki, məşqçi Trend-ə deyib: "Qızlara görə sevinirəm, amma daha da çox çalışmalıyıq. Bir həftə sonra bizi "GymBala" bədii gimnastika üzrə beynəlxalq turniri gözləyir. Digər ölkələrin iştirakçıları ilə mübarizə aparacağıq, ona görə turnirə ciddi hazırlaşırıq".

Elnarə Hüseynova Azərbaycan Gimnastika Federasiyasına müsabiqələrin təşkil edilməsi və Milli Gimnastika Arenasında gənc gimnastların çıxışına şərait yaradıldığına görə minnətdarlığını bildirib.

Məşqçi qeyd edib ki, Azərbaycanda uşaqlar arasında bədii gimnastika sahəsinə maraq olduqca böyükdür və gənc idmançıların sayı da bunu təsdiq edir.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, həmçinin Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

Turnir avqustun 12-dək davam edəcək.

Milli.Az