Ermənilər "Yuxarı Gövhər ağa" məscidinin tarixi mahiyyətini saxtalaşdırmağa cəhd edirlər - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Şuşada yerləşən “Yuxarı Gövhər ağa” məscidinin tarixi mahiyyətinin Ermənistan hakimiyyəti tərəfindən saxtalaşdırılmasına etirazını bildirib.

Metbuat.az-ın məlumatına görə, S.Salahlı qeyd edib ki, artıq 30 ildir Azərbaycan xalqına qarşı davam edən Ermənistan təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi, dini və mədəni abidələrimiz, eləcə də müqəddəs ocaqlarımız və məbədlərimiz olub:

“Bu gün Ermənistan təcavüzünün qurbanı olan tarixi, dini-mədəni abidələrimizin ümumi sayını müəyyənləşdirmək və onlar barədə tam məlumatı vermək qeyri-mümkündür. Çünki XIX əsrdən etibarən Qarabağa və Qərbi Azərbaycan ərazilərinə köçürülən ermənilər təkcə azərbaycanlıların torpaqlarını ələ keçirməyib, eyni zamanda orada yaşayan soydaşlarımızı yerindən-yurdundan qovub çıxarıb, buradakı maddi-mədəniyyət nümunələrini tarix səhnəsindən məqsədli şəkildə silib yox ediblər. Azərbaycanın tarixi mədəni irsinə qarşı təcavüz geniş vüsət almaqdadır”.

Komitə rəsmisi bildirib ki, işğal altındakı torpaqlarımızda Azərbaycan tərəfindən müəyyənləşdirilən tarixi-dini abidələrin sayı 403-dür və onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır:

“Ermənilərin tarixi-dini abidələrimizə qarşı vəhşi davranışı müxtəlif istiqamətlərdə aparılır. Bir çox qədim milli, dini ənənəni özündə ehtiva edən abidələr tamamilə dağıdılıb. Bu abidələrin erməniləşdirilərək özününküləşdirilməsinə cəhd edilir. İşğal altındakı müsəlman dini kimliyinə aid abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılır, təhqir olunur. Son illər məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınıb və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olub. Ermənistan təcavüzünə məruz qalmış İslam mədəniyyətinə dair tarixi-dini abidələrdən biri də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər ağa” məscididir. Şuşa şəhərinin işğalı zamanı həmin məscid topa tutulub və minarələri dağıdılıb. 8 may 1992-ci ildən bugünədək məscid dağıdılmış vəziyyətdədir. Ermənilər bununla kifayətlənməyərək bu məscidin farslara aidliyi barədə avantürist addım atmaqdadırlar. Çox təəssüf ki, bu erməni saxtakarlığına qonşu İranda da dəstək verənlər tapılır. Bu tarixi abidənin də Azərbaycan xalqına aid olmadığı iddiaları ortaya çıxır. Bundan bir neçə il əvvəl İrəvan şəhərindəki 1990-cı ildə ermənilər tərəfindən yandırılmış “Göy Məscid” İran İslam Respulikası tərəfindən təmir edildikdən sonra “Fars məscidi” olaraq qələmə verilir”.

Dövlət Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabagi tərəfindən inşa edilib:

“İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdi. Pənahəli хanın tikdirdiyi qarğıməscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi. Həmin məscid də minarəsiz, kasıb görünüşə malik idi. Görünür ki, elə məscidin bu görünüşü Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdi. Lakin bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış “Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilmişdi. Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirmişdi ki, bu, indi "Aşağı Gövhər ağa məscidi" adlanır”.

S.Salahlı vurğulayıb ki, 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin siyahısına salınan Şuşa tarixi şəhərindəki “Yuxarı Gövhər ağa” məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhə ermənilər tərəfindən sökülüb, əvəzində, erməni dilində “Qədim tarixi abidə, Yuxarı Məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə asılıb.

Əvvəlki Azərbaycan dilində üzərində yazı olan lövhədə qeyd olunmuş “Gövhər ağa” sözlərinin məqsədli şəkildə yeni asılmış lövhədə qeyd edilmədiyini deyən S.Salahlı bildirib ki, bununla Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazisində yerləşən tarixi-dini abidələrin mahiyyətinin dəyişdirilməsinə, saxta erməni tarixinin yaradılmasına cəhd edir.

Bütün dinlərdə məbəd dağıtmağın böyük günah hesab edildiyini diqqətə çatdıran S.Salahlı qeyd edib ki, ermənilər Tanrı məbədini dağıtmaqla xristian ehkamlarını da pozmaqdan çəkinmirlər.

Komitə sədrinin birinci müavini deyib ki, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir:

“Əlbəttə, biz beynəlxalq ictimaiyyətin Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bu məsələyə biganə qalmasını mümkünsüz sayırıq. Bir çoxlarına artıq bəllidir ki, işğala məruz qalan ölkə Azərbaycandır. Münaqişə 30 ildir davam edir, ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox Azərbaycan vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətindədir. Belə bir vəziyyətdə beynəlxalq ictimaiyyətin işğalçı Ermənistan hakimiyyətinin tarixi saxtalaşdırmaq əməllərinin qarşısının alınmasında ədalətli mövqe nümayiş etdirəcəyinə inanır, “Yuxarı Gövhər ağa” məscidinin tarixi əhəmiyyətini göstərən yazı və lövhələrin sökülərək erməni dilində yazı və lövhə ilə əvəzlənməsinin dərhal dayandırılmasını, Şuşa və Dağlıq Qarabağın digər yerlərində Azərbaycanın tarixi abidələrinə qarşı vandalizmə son qoyulmasını tələb edirik”.

Gürcüstana gedib-gələnlərə - ŞAD XƏBƏR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR