TQDK-nın elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib

18:38 23 Aprel 2015
218 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, "Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə səyləri nəticəsində daha bir elektron arayış "Elektron hökumət" portalına inteqrasiya olunub. TQDK tərəfindən təqdim olunan "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə artıq vətəndaşlar təhsil aldıqları ali və orta ixtisas təhsili barədə elektron arayışı "Elektron hökumət" portalından asanlıqla əldə edə biləcəklər. Vətəndaş portalda qeydiyyatdan keçərək bu elektron xidmətə daxil olduqda avtomatik formalaşan elektron arayışda aşağıdakı məlumatlar əksini tapır:
Vətənadşın soyadı, adı və ata adı
Vətəndaşın doğum tarixi və qəbul olduğu tədris ili
Qəbul üçün əsas
Təhsil müəssisəsinin adı
Təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması barədə məlumat
Təhsil səviyyəsi
İxtisasın şifri, adı və təhsilalma forması
Təhsil üzrə cari vəziyyət
Diplomum seriya, nömrəsi və qeydiyyat nömrəsi
Diplomun verilməsi haqqında əmrin tarixi
Diplomun növü
Əgər vətəndaş təhsil müəssisəsinə bir neçə dəfə qəbul olmuşdursa, onda hər bir qəbul olma ilə bağlı zəruri məlumatlar elektron arayışda əksini tapır. TQDK tərəfindən portal üzərindən təqdim olunan elektron arayış “Tələbə-Məzun” dövlət elektron məlumat sistemi əsasında hazırlanıb. Sözügedən elektron arayışdan faydalanmaq üçün "Elektron hökumət" portalında qeydiyyatdan keçmək mütləqdir.
"Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti sayəsində artıq saxta diplomlardan istifadə halları birmənalı olaraq aradan qalxmış olacaq. Eyni zamanda, “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin portala inteqrasiyası nəticəsində tezliklə portal üzərindən “Elektron CV”-lərin formalaşdırılması da mümkün olacaq.
"Tələbə-məzun" dövlət elektron məlumat sistemində olan məlumatlar əsasən 1992-ci ildən hazıradək olan dövrü əhatə edir. TQDK tərəfindən elektron ərizə qəbulu 2008-ci ildən etibarən həyata keçirilir və həmin ildən başlayaraq, demək olar ki, bütün məlumatlar tam şəkildə FİN-ə (Fərdi İdentifikasiya Nömrəsi) uyğunlaşdırılıb. 2001-ci ildən 2008-ci ilədək dövr üzrə məlumatlar isə soyad, ad və ünvan üzrə Daxili İşlər Nazirliyinin "Giriş-cıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi ilə üzləşdirilib və tapılan FİN-lər sistemə əlavə edilib. Buna görə də 1992-2008-ci illər üzrə FİN-ə görə bəzi məlumatlar tapılmaya bilər.
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi 2012-ci ilin mayından istifadəyə verilib. Ona görə də 2012-ci ildən başlayaraq ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslərin diplom haqqında məlumatları təhsil müəssisələri tərəfindən sistemə daxil edilib. Əvvəlki illərin buraxılış kontingentinin diplom haqqında məlumatları isə bəzi təhsil müəssisələri tərəfindən qismən sistemə daxil edilib. Bu səbəbdən də 2012-ci ilədək təhsilini başa vurmuş şəxslərin diplom haqqında və ya digər zəruri məlumatları sistemdə olmaya bilər. Bu problemi aradan qaldırmaq üçün yaxın günlərdə “Əks əlaqə” xidməti aktivləşdiriləcək və FİN-ə görə məlumatları tapılmayan istifadəçilər aidiyyatı təhsil müəssisəsinə sorğu ünvanlaya biləcəklər. Sorğu əsasında vətəndaşın çatışmayan məlumatları sistem administratorunun nəzarəti altında təhsil müəssisəsi tərəfindən sistemə daxil ediləcək və bundan sonra FİN üzrə axtarış etmək və elektron arayışı avtomatik formalaşdırmaq mümkün olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TQDK_nin_elektron_xidmeti__quotElektron_hokumet_quot_portalina_inteqrasiya_edilib-849156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR