Skripalı və qızını zəhərlənməkdə şübhəli bilinən şəxslər

İngiltərənin Solsberi şəhərində keçmiş rus casus, Dövlət Təhlükəsizlik İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində ittiham olunan Aleksandr Petrov və Ruslan Boşirov "Russia Today TV"-yə müsahibə verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslər Solsberi şəhərinə turist kimi getdiklərini bildiriblər: “Dostlarımız uzun müddət idi bizə bu şəhərə səfər etməyi məsləhət görürdülər. Həmin şəhərdə 1 saatdan artıq qalmamışıq. Orada olduğumuz müddətdə Skripalın evinin yanından keçmiş ola bilərik. Ancaq bu hadisəyə qədər Skripalın adını belə eşitməmişdik”. İdmançılar üçün qida alış-verişi ilə məşğul olduqlarını bildirən Boşirov və Petrov, Rusiyanın hərbi kəşfiyyat xidmətinin üzvü olmadıqlarını vurğulayıblar.

Qeyd edək ki, Skripal və 33 yaşlı qızı Yuliya bu il martın 4-də Solsberidə Ticarət Mərkəzinin yaxınlığındakı oturacaqda huşsuz vəziyyətdə tapılıblar. Onlar sinir sistemini iflic edən maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar və koma vəziyyətində olublar. Britaniya hökuməti isə Skripalın və qızının zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Rusiyanı ittiham edib. Rusiya tərəfi isə ittihamları qəti şəkildə rədd edib, bundan başqa istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Böyük Britaniya hökuməti sentyabrın əvvəlində sabiq-polkovnikin zəhərlənməsi ilə bağlı Aleksandr Petrov və Ruslan Boşirovun adlarını şübhəli şəxs kimi açıqlayıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR