Birinci Avropa Oyunlarına 50 gün qalıb

Birinci Avropa Oyunlarına 50 gün qalıb
20:03 23 Aprel 2015
224 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
“Bakı-2015” birinci Avropa Oyunlarının başlanmasına 50 gün qalıb. Bununla əlaqədar olaraq bu gün Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi qarşısında şəhər sakinləri və paytaxtın qonaqları üçün tematik tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleq, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və başqaları çıxış ediblər.
S.Kleq deyib ki, yarışların Böyük Britaniya ərazisində translyasiyasını həyata keçirmək üçün bu yaxınlarda Britaniyanın “BT Sport” şirkəti ilə müqavilə imzalanıb. Bu, o deməkdir ki, oyunların tamaşaçılarının ümumi sayı 70 milyon nəfər artacaq. O qeyd edib ki, Azərbaycan yeni idman hadisəsinə ev sahibliyi edəcək. Təkcə bütün Avropanın deyil, ABŞ, Kanada, Çin, Avstraliya kimi ölkələrin, Cənubi Amerika ölkələrinin diqqəti ona cəlb olunacaq.
R.Abbasov həmçinin belə hesab edir ki, ölkəmiz özünü bütün dünyaya tanıtdırmaq üçün nadir imkan əldə edib. Azərbaycan bu hüququnu layiqli səviyyədə həyata keçirmək üçün hər cür səy göstərir. Nəinki yüksək ixtisaslı mütəxəssislərin, həmçinin Avropa Oyunları ilə əlaqədar müxtəlif tədbirlərin təşkilinə və keçirilməsinə kömək göstərmək üçün çağırılmış könüllülərin çox sayda olması da bunu təsdiq edir.
Rəssamlarımız İtaliya, Almaniya, Fransa və Latviya rəssamları ilə yanaşı oyunların rəmzlərini - ceyran və nar heykəlləri hazırlayıblar. Bu rəmzlər şəhərin müxtəlif guşələrində qoyulacaq. Tədbirdə iştirak edənlər üçün Avropa Oyunları mövzusunda suallardan ibarət viktorina təşkil edilib.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birinci_Avropa_Oyunlarina_50_gun_qalib-849209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR