"Bütün medallarımı, mükafatlarımı Milli Olimpiya Komitəsinə hədiyyə edirəm”

Gənclər və İdman Nazirliyində 1964-cü il Tokio Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə bürünc mükafatçısı, dünya çempionu və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Mətbuat.az xəbər verir ki, əvvəlcə yubilyarın həyatını əks etdirən videoçarx nümayiş olunub.

Mərasimi açan Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov yubilyarın həyat və fəaliyyətindən danışıb, qazandığı nailiyyətləri yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə A.İbrahimovun keçdiyi həyat yolundan söhbət açıb, onun karyerasında qazandığı uğurları vurğulayıb, Azərbaycan idmanına verdiyi töhfələrdən söhbət açıblar.

Yekunda A.İbrahimov çıxış edərək Azərbaycanda idmana dövlət qayğısından danışıb "Dövlət güclü olanda onun idmanı da güclü olur. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya idmana göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Onlar idmanımızı dünyada belə yüksək səviyyəyə gətiriblər. Bütün medallarımı, mükafatlarımı Milli Olimpiya Komitəsinə hədiyyə edirəm”.

Qeyd edək ki, A.İbrahimov 1938-ci il sentyabrın 17-də Gəncə şəhərində dünyaya gəlib. O, 1963-cü il də güləş üzrə ilk azərbaycanlı dünya çempionu kimi tarixə düşüb, 1966-cı il Avropa çempionatının qalibi və “Tokio-1964”ün bürünc medalçısıdır. Yubilyar 1988-1997-ci illərdə rəhbərlik etdiyi “Neftçi” ilə müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi olub və sonra daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb. O, həmçinin iki dəfə Azərbaycan kubokunun qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR