Rövşən Rzayev: Ermənistan üzləşdiyi ağır vəziyyətdən çıxmaq üçün “soyqırımı” məsələsini ortaya atıb

21:53 23 Aprel 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Strasburq, 23 aprel, AZƏRTAC
Ermənistan üzləşdiyi ağır vəziyyətdən çıxmaq üçün qondarma “soyqırımı” məsələsini ortaya atıb.
Bu fikri bəzi üzdəniraq avropalı deputatların imzaladığı qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı sənədə münasibət bildirən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev söyləyib.
Yaz sessiyasının dördüncü iş günü Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qondarma erməni soyqırımının “100 illiyi”nin qeyd olunmasına dair yazılı bəyanatla çıxış edərək onu Assambleyada paylayıblar.
Həmin bəyanatda 2015-ci il aprelin 24-nün “erməni soyqırımı”nın “100 illiyi”nin qeyd olunduğu bildirilərək Avropa Şurası, AŞPA “erməni soyqırımı” ilə birlikdə baş verən digər soyqırımılarla bağlı məsələləri prioritet kimi öz fəaliyyət gündəliklərinə salmağa çağırılıb. Assambleyanın 171 deputatı tərəfindən imzalanan bəyanatın qəbuluna münasibət bildirən Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev “yazılı bəyanat” adlanan belə bir sənədin AŞPA-nın rəsmi qərarının olmadığını, sadəcə ayrı-ayrı deputatların imzalarının toplanması prosedurunun olduğunu bildirib. Bununla belə, azərbaycanlı deputat sənədə imza atan bir çox avropalı parlamentarilərin bu məsələdə də ikili standartlar siyasətindən çıxış etdiklərini qeyd edib: “Bu sənədi imzalayan şəxslərin tam əksəriyyətinin soyqırımının nə demək olmasından, 1915-ci ildə hansı hadisələrin baş verməsindən heç xəbəri yoxdur. Təəssüf ki, avropalı həmkarlarımız düşünmədən belə sənədlərə imza atırlar. Bu hadisə milyonlarla insanın həlak olduğu Birinci Dünya müharibəsi kontekstində baş verib. Amma bu gün ermənilər bunu bütün dünya ictimaiyyətinə özlərinin “soyqırımı” kimi təqdim edirlər. Ermənistan üzləşdiyi ağır vəziyyətdən çıxmaq üçün belə bir vasitəyə əl atıb. Soyqırımı bir cinayətdir, cinayətin də sübutları olmalıdır və bunla bağlı Türkiyə öz arxivlərini açmağa razılıq verdiyi halda, Ermənistan təbii ki, bundan qaçır. Amma əslində 1992-ci ildə Dağlıq Qarabağda, Xocalıda Azərbaycan xalqına qarşı edilmiş soyqırımına dair audio, video, foto sübutlar və canlı şahidlər olduğu halda, avropalılar nədənsə bunu görmək istəmirlər. Bu gün dünya dövlətlərini rəhbərlərini “erməni soyqırımı”nın “100 illiyi” ilə bağlı tədbirlərə dəvət edən hazırkı Ermənistan rəhbərliyi həm Xocalı soyqırımının təşkilatçısı, həm də birbaşa iştirakçısıdır. Bu da ikili standartlar siyasətinin aparıldığından xəbər vermirmi?
Məsələnin başqa tərəfi isə odur ki, bir tərəfdən Avrasiya İttifaqına qoşulan, digər tərəfdən də Qərbdən belə bir dəstək alan Ermənistan dövləti hansı yolu tutur, bu gedişlə gələcəkdə nələr baş verə bilər? Bu suala da bəzi dövlətlər çox aydın və özlərinin dövlət marağı çərçivəsində cavab verməyi bacarmalıdırlar”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rovsen_Rzayev_Ermenistan_uzlesdiyi_agir_veziyyetden_chixmaq_uchun_soyqirimi_meselesini_ortaya_atib-849274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR