Gürcüstanda parlament Kutaisidən Tbilisiyə köçürüləcək

Gürcüstan parlamenti Kutaisi şəhərindən paytaxt Tbilisiyə köçürüləcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hakim partiyanın qərarında qanunverici orqanın plenar iclaslarının 2019-cu il yanvarın 1-dən Tbilisidə keçirilməsi nəzərdə tutulub. Hakim partiyanın açıqlamasına görə, parlamentin iki binada fəaliyyət göstərməsi bir sıra çətinliklər yaradır və əlavə xərclərə səbəb olur. Bu səbəbdən də, həm parlamentin fəaliyyətinin keyfiyyətinin artırılması, həm də xərclərin azaldılması səbəbindən Tbilisidə yerləşməsi daha məqsədəuyğundur.

Kutaisidə yerləşən parlament binası isə Gürcüstanın Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək. Parlamentin Tbilisiyə köçürüləcəyi barədə yekun qərar isə prezident seçkilərindən sonra məlum olacaq. Yeni Konstitusiyaya görə, prezidentin andiçmə mərasimindən sonra parlamentin harada fəaliyyət göstərəcəyi azad olacaq.

Qeyd edək ki, Gürcüstan parlamenti 2012-ci il oktyabrın 21-dən Kutaisidə fəaliyyət göstərir. Parlamentin keçmiş sədri, hazırda prezidentliyə namizəd David Usupaşvilinin qərarı ilə 2014-cü ildən parlamentin komitə iclasları Tbilisidəki binada keçirilir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR