Zakir Həşimov: Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının genişlənməsi üçün yaxşı perspektivlər var

Zakir Həşimov: Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının genişlənməsi üçün yaxşı perspektivlər var
11:58 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Astana, 24 aprel, AZƏRTAC 
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov yerli “partner.kz” internet saytında yayılan müsahibəsində ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğunu bildirib.
“İstifadə olunmamış potensial” adlı müsahibədə səfir Aktauda tikilən logistik investisiya mərkəzinin Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı əmtəə dövriyyəsinin artmasına önəmli təsir göstərəcəyini qeyd edib. Səfir bildirib ki, bu ilin sonuna başa çatması planlaşdırılan logistik investisiya mərkəzinin layihəsi 20 milyon avro təşkil edir. Mərkəz istifadəyə veriləndən sonra Azərbaycan məhsullarını buradan Qazaxıstanın hər tərəfinə çatdırmaq mümkün olacaq. Bu, Azərbaycan ilə Qazaxıstan arasında hazırda qaneedici səviyyədə olmayan əmtəə dövriyyəsinin artmasına imkan yaradacaq.
Diplomat nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, yüklərin maneəsiz daşınmasının təmin edilməsinin zəruriliyini də vurğulayıb. O bildirib ki, Qərbdən Şərqə ölkələrimizin ərazisi vasitəsilə yüklərin maneəsiz daşınmasının təmin edilməsi kontekstində “Silk Wind” layihəsinin razılaşdırılması çox əhəmiyyətlidir. Bunun üçün ölkələrimizin iş adamlarının fəallaşması lazımdır. Bu il keçirilməsi planlaşdırılan Azərbaycan-Qazaxıstan biznes forumu bu baxımdan xüsusi önəm kəsb edəcək. Əvvəllər tez-tez ölkələrimizin sahibkarları arasında regional görüşlər keçirilirdi. İndi bu görüşləri daha geniş səviyyədə və intensiv təşkil etmək önəmlidir.
Müsahibədə səfir “Bakı-2015” birinci Avropa Oyunları, 2017-ci ildə şəhərimizdə keçiriləcək İslam Həmrəyliyi Oyunları haqqında da məlumat verib. O, həmçinin 2020-ci ildə futbol üzrə dünya çempionatının dörd oyununun Bakıda keçiriləcəyini diqqətə çatdırıb.
Diplomat Qazaxıstandan Azərbaycana gedən turistlərin sayında 25 faiz artımın olduğunu vurğulayıb.
Z.Həşimov “Xəzər Islands” layihəsindən də bəhs edib, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Xəzərin şelfinin Qazaxıstan hissəsinin mənimsənilməsi üçün lazımı avadanlığı bu ölkəyə çatdırmağa hazır olduğunu bildirib. Diplomat alternativ enerji sahəsində Qazaxıstanın maraqlarına uyğun əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu da diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, Qazaxıstan TANAP qaz kəmərinin tikintisində iştirak edə bilər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zakir_Hesimov_Azerbaycan_Qazaxistan_iqtisadi_emekdasliginin_genislenmesi_uchun_yaxsi_perspektivler_var-849340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR