“Qlobal qeyri-müəyyənlik dövründə investisiya tsiklindən geri çəkilməməliyik. Əksinə, infrastruktura, enerjiyə, sabitliyə, insan kapitalına və istehsal güclərinə investisiyaları davam etdirməliyik”.

Metbuat.az-ın tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Beşar Durmişi Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, ölkə iqtisadiyyatının ikinci rübdə 4,3 faiz artması mühüm göstəricidir və mövcud qlobal qeyri-müəyyənlik şəraitində investisiyaların davam etdirilməsinin əhəmiyyətini göstərir.

B.Durmişinin sözlərinə görə, Şimali Makedoniya eyni zamanda Avro-Atlantik və Avropaya inteqrasiya yolu ilə iqtisadi dayanıqlılığını gücləndirir.

“Şimali Makedoniya 2020-ci ildən NATO-nun üzvüdür və Avropa İttifaqına üzvlüyə namizəd ölkədir. Üzvlük prosesi və Avropa standartlarına uyğunlaşmanın davam etdirilməsi daha geniş iqtisadi transformasiyamızın mühüm hissəsidir”, – nazir qeyd edib.

O vurğulayıb ki, kiçik və açıq iqtisadiyyat üçün sabitlik, proqnozlaşdırıla bilən mühit və böyük bazarlarla bağlantı xüsusi əhəmiyyət daşıyır.

Nazir əlavə edib ki, Şimali Makedoniyanın ticarət sazişləri ölkəyə 650 milyondan çox istehlakçının olduğu bazarlara çıxış imkanı yaradır. Buraya Avropa İttifaqı ilə Sabitləşmə və Assosiasiya Sazişi, eləcə də Türkiyə, Ukrayna və Böyük Britaniya ilə azad ticarət sazişləri daxildir.