“Süni intellektin ayrı-ayrı peşələrə və məşğulluğa təsiri qarşımızda duran yeni çağırışlardan biridir”.
Metbuat.az-ın tədbirdəki müxbiri xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
Nazir süni intellektin əmək bazarında müəyyən iş yerlərinin azalmasına səbəb ola biləcəyinə diqqət çəkib.
“Süni intellektin iş yerlərinin azalmasına səbəb olması açıq şəkildə mövcud olan məsələdir. Biz süni intellektdən fəal şəkildə yararlanmağa çalışırıq, çünki düşünmürük ki, bu prosesdən kənarda qala bilərik. Bu, həyata keçirməyə çalışdığımız işlərin və resurslarımızı yönəltdiyimiz sahələrin mühüm hissəsidir”, – deyə M.Cabbarov bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə Azərbaycanın mövcud üstünlüklərindən maksimum istifadə edilməsinə diqqət yetirilir.
“Buraya coğrafi mövqeyimiz, enerjiyə çıxış, enerjinin dəyəri, insan kapitalı və bağlantı imkanları daxildir”, – nazir qeyd edib.
M.Cabbarov əlavə edib ki, Azərbaycan sənayeləşmə istiqamətində fəaliyyətini davam etdirir və bu proses ölkənin ixrac göstəricilərinə də təsir göstərir.
“Biz sənayeləşməyə diqqət yetirməyə davam edirik. Müşahidə etdiyimiz qeyri-neft ixracının artım templəri də bununla izah olunur”, – iqtisadiyyat naziri vurğulayıb.