“Azərbaycanın coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu və uzunmüddətli investisiyalar ölkəni Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm iqtisadi və logistika mərkəzinə çevirib”.

Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, investorlar üçün uzunmüddətli və proqnozlaşdırılan investisiya mühitinin mövcudluğu əsas şərtlərdən biridir:

“Azərbaycanın daxili siyasi sabitliyi, siyasətdə ardıcıllıq, nisbətən aşağı dövlət borcu və irimiqyaslı maliyyə ehtiyatları investorlar üçün möhkəm təməl yaradır. İnvestisiya siyasətimizin əsas istiqamətlərindən biri proqnozlaşdırılan qaydaların formalaşdırılması və onların effektiv icrasıdır”, – deyə M.Cabbarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan coğrafi baxımdan dənizə birbaşa çıxışı olmayan ölkə olsa da, uzunmüddətli siyasət və davamlı investisiyalar nəticəsində beynəlxalq nəqliyyat qovşağına çevrilib.

“Bu gün ərazimizdən keçən Şərq–Qərb və Şimal–Cənub dəhlizləri hər iki istiqamətdə fəaliyyət göstərir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər üzərindən yükdaşımalar Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhlizin mühüm elementləridir”, – nazir vurğulayıb.

M.Cabbarov qeyd edib ki, nəqliyyat dəhlizlərinin Azərbaycana aid hissələrinin tikintisi əsasən başa çatıb və növbəti mərhələdə diqqət xidmətlərin keyfiyyətinin artırılmasına yönəldiləcək.

“Məqsəd odur ki, Azərbaycandakı marşrutlar bugünkü geosiyasi mühitdə yalnız təhlükəsiz deyil, həm də xərc və vaxt baxımından rəqabətədavamlı olsun”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, bu istiqamətdə rəqəmsallaşma və süni intellektə əsaslanan həllərin tətbiqi də genişləndiriləcək:

“Logistika terminalları, rəqəmsal xidmətlər və onların ətrafında formalaşan sənaye sahələri xüsusi investisiyalar üçün əlavə imkanlar yaradır”, – M.Cabbarov əlavə edib.

İqtisadiyyat naziri Cənubi Qafqazda sülh prosesinin regionun iqtisadi və investisiya imkanlarına təsirinə də toxunub. O bildirib ki, yeni şərait əvvəllər əlçatmaz olan bazarlara, təchizat əlaqələrinə və investisiya imkanlarına çıxışı genişləndirir.

M.Cabbarov həmçinin qeyri-neft-qaz sektorundakı artım göstəricilərini açıqlayıb:

“2021–2025-ci illərdə Azərbaycanda qeyri-neft-qaz sektorunda real artım orta hesabla illik 6 faiz təşkil edib, qeyri-neft sənayesi 1.5 faiz böyüyüb, qeyri-neft-qaz ixracı isə təxminən iki dəfə artıb”, – deyə nazir bildirib.

O vurğulayıb ki, qarşıdakı əsas hədəflərdən biri Azərbaycanın tranzit imkanlarını daha geniş iqtisadi üstünlüklərə çevirməkdir.

“Prioritetimiz bunu özəl sektorun rəhbərlik etdiyi, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata çevirməkdir”, – deyə Mikayıl Cabbarov bildirib.