“Əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsini davam etdirməkdir. Bu proses özəl sektorun aparıcı rolu ilə həyata keçirilməlidir”.
Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” (Rebuilding Trust in a Fragmented World: Azerbaijan as a Strategic Gateway Between Regions) mövzusunda müzakirə zamanı bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın milli inkişaf strategiyasının yenilənməsi üzərində iş aparılır. Qarşıdakı dövr üçün prioritetlər sırasında istehsal və sənayeləşmənin inkişafı ilə yanaşı, xidmət sektorunun genişləndirilməsi də yer alır.
“İnsan kapitalına investisiyaları davam etdirməli və insanları baş verən dəyişikliklərə hazırlamalıyıq. Enerji keçidi və süni intellektin tətbiqi bu prosesin əsas dayaqlarından olacaq”, – deyə M.Cabbarov bildirib.
O qeyd edib ki, süni intellekt iqtisadi məhsuldarlığın artırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və digər sahələrdə yeni imkanlar yarada bilər.
Nazir iqtisadiyyatın növbəti inkişaf mərhələsi üçün uzunmüddətli maliyyə resurslarına çıxışın da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Əsas məsələlərdən biri uzunmüddətli maliyyələşməyə çıxışın təmin edilməsidir. Kapital bazarlarının inkişafı və maliyyə sektorunun kapitallaşması maliyyə resurslarına çıxışı genişləndirərək iqtisadiyyatın növbəti inkişaf mərhələsinə keçidini təmin edəcək”, – deyə Mikayıl Cabbarov əlavə edib.