Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrdə iştirakçıların 80 faizini gənclər təşkil edir

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrdə iştirakçıların 80 faizini gənclər təşkil edir
17:13 24 Aprel 2015
185 Ölkə
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 24 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarının iştirakı ilə gənclərlə görüş keçirilib. Maarifləndirici xarakter daşıyan görüşdə məqsəd gənclərin dövlət qulluğuna cəlb edilməsi idi.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev tədbirdə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında təsbit olunmuş peşəkar və bilikli gənclərin dövlət qulluğunda və idarəetmədə sayının artırılması istiqamətində bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu gün Azərbaycan Respublikasında idarəetmə bacarığı ilə seçilən intellektual, müasir dünyagörüşlü yeni nəsil yetişməkdədir. Gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, eləcə də digər sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfəsini verirlər.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarəolunması və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn Komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti, qarşısında duran vəzifələri, dövlət qulluğuna qəbul prosesi və bu sahədə son dövrlərdə həyata keçirilən islahatlar barədə çıxış edib. A.Hüseyn bildirib ki, Komissiya tərəfindən keçirilən müsabiqələrdə iştirakçıların 80 faizini gənclər təşkil edir. Həmçinin vurğulanıb ki, Komissiyanın indiyədək keçirdiyi müsabiqə və müsahibələr nəticəsində ümumilikdə 5022 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunub.
Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı video təqdimatla çıxış edən Komissiyanın əməkdaşı Anar Mirzəyev görüş iştirakçılarına dövlət qulluğuna qəbul qaydaları, müsabiqəyə təqdim olunan vakant vəzifələrin tutulması şərtləri barədə ətraflı məlumat verib.
Sonda Komissiya əməkdaşları tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Qullugu_Meseleleri_uzre_Komissiya_terefinden_kechirilen_musabiqelerde_istirakchilarin_80_faizini_gencler_teskil_edir-849483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR