Tbilisidə “Azərbaycanlıların soyqırımı” adlı kitabın təqdimatı olub

Tbilisidə “Azərbaycanlıların soyqırımı” adlı kitabın təqdimatı olub
22:13 24 Aprel 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Tbilisidə, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanın tarixçi alimi, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliyanın “Azərbaycanlıların soyqırımı” kitabının təqdimatı olub.
Muzeyin direktoru Leyla Əliyeva tədbiri açaraq kitabın ərsəyə gəlməsində əməyi olan insanlara minnətdarlıq edib.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn çıxış edərək kitabın mahiyyətindən danışıb. Səfir bildirib ki, uzun illərin tarixi araşdırmalarının məhsulu olan bu kitab özlərini “məzlum” xalq kimi qələmə verməyə çalışan ermənilərin əsl iç üzünün açılmasında mühüm rol oynayacaq. Kitabda erməni millətçilərinin tarixən azərbaycanlılara, gürcülərə, türklərə, eləcə də Azərbaycanda yaşayan digər millətlərə qarşı törətdikləri ağır cinayətlər konkret faktlarla göstərilib. Türkiyədə Çanaqqala zəfərinin 100 illik yubileyi ərəfəsində ərsəyə gələn bu kitab tarixçilər və siyasətçilər üçün tədqiqat mənbəyi olmaqla yanaşı, ali məktəb tələbələri üçün də elmi mənbədir.
Kitabın müəllifi professor Q.Marxuliya deyib ki, bu əsərdə Azərbaycan, Gürcüstan, Rusiya və digər qonşu ölkələrin arxivlərindən tapılmış materiallar, eləcə də onun şəxsi araşdırmalarının nəticələrindən istifadə olunub. Tarixçi alim paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində - Qubada, Şamaxıda, Lənkəranda və digər rayonlarda araşdırmalar apardığını, kitabdakı şəkillərin də həmin bölgələrdə çəkildiyini bildirib. O, tarixi araşdırmalarını bundan sonra da davam etdirəcəyini, ermənilərin Cənubi Qafqazda törətdikləri cinayətlərin üstünün açılması ilə bağlı yeni kitabların hazırlandığını qeyd edib.
Daha sonra Qafqaz Strateji Tədqiqatlar İnstitutunun professoru Simon Koradze, Gürcüstan İnsan Hüquqlarının Müdafiə İnstitutunun professoru Teymuraz Lamsadze, professor Mixeil Adamaşvili və başqaları çıxış edərək kitabın tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, erməni millətçilərinin yaratdıqları ASALA terror təşkilatı, Daşnaksütyun partiyası və digər qurumlar tarixən Azərbaycan, gürcü və türk xalqlarına qarşı qatı cinayətlər törədib, bu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edərək torpaqlarını işğal edib, yüz minlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər. Əfsuslar olsun ki, bolşevik və sovet imperiyasının “xüsusi qayğısı” nəticəsində erməni cinayətlərini sübuta yetirəcək tarixi faktlar ya məhv edilib, ya da gizlədilib və saxtalaşdırılıb.
Çıxış edənlər “Azərbaycanlıların soyqırımı” kitabının ingilis, fransız və digər dillərə tərcümə olunaraq Avropa ölkələrində də yayılmasının, ali məktəblərdə istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_Azerbaycanlilarin_soyqirimi_adli_kitabin_teqdimati_olub-849639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR